İslam dünyasının ən əziz bayramlarından olan Qurban bayramı Şəmkir rayonunda geniş şəkildə qeyd olunub. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə idarə və təşkilatların kollektivləri, iş adamları, xeyriyyəçilər tərəfindən qurbanlar kəsilib, Şəmkir şəhərində, rayonun qəsəbə və kəndlərində yaşayan aztəminatlı ailələrə paylanılıb. Əsgərlər, məcburi köçkünlər, tənha və kimsəsizlər, Qarabağ Müharibəsi əlilləri və Böyük Vətən müharibəsi veteranları, şəhid ailələri də xüsusi diqqətdə saxlanılıb. Onlara da bayram əti paylanılıb. İnsanlar bayram münasibətilə təbrik edilib, onlara əmin-amanlıq, birlik-bərabərlik, mehribanlıq, cansağlığı, süfrələrinə ruzi-bərəkət dilənib. Bu əziz gündə şəhidlərimizin ruhu yad edilib, Allah-Təaladan torpaqlarımızın işğalçılardan təmizlənməsi, qaçqın və məcburi köçkünlərə mübarək bayramı doğma yurdlarında keçirmələri arzulanıb. Qurban bayramının məqsədi, mahiyyəti insanların milli-mənəvi həmrəyliyi, saflıq və mərhəmət hissinin aşılanmasıdır ki, Şəmkirdə bütün bu amallar əsas tutulub.
- Baxış: 506