Göygöldə “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Mülki müdafiə tədbirləri planına müvafiq olaraq, təlimə rayon icra hakimiyyətinin mərkəzi aparatı, rayonun fövqəladə hallar komissiyası, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat obyektləri, eləcə də Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin şəxsi heyəti və texnikası cəlb olunub.
Kompleks təlimdən əvvəl rayon fövqəladə hallar komissiyasının, mülki müdafiə xidmətlərinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının, Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası ilə tanışlıq olub. Daha sonra fövqəladə hal baş verən ərazidə xəsarət alan şəxslərə ilkin tibbi yardımın göstərilməsi üçün yaradılan səyyar tibbi məntəqələr, eləcə də ailələrin həyat təminatının bərpası məqsədilə çadır şəhərciyinə baxış keçirilib. Təlim zamanı mülki müdafiə qüvvələrinin idarə olunması, vaxtında və düzgün qərarların qəbulu, həmçinin xilasetmə işlərinin təşkili üzrə qərargah üzvlərinin toplantısı təşkil olunub. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş verən ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, radioaktiv mənbənin axtarışı, partlayış baş verən obyektdə axtarış-xilasetmə işlərinin həyata keçirilməsi tədbirləri yerinə yetiriblər. Eləcə də zərərçəkənlərə tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin həyata keçirilməsi, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların həyat təminatının bərpası məqsədilə çadır şəhərciyində yerləşdirilməsi aparılıb.
Əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılması, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Sərdar Balayev - Rayon Mülki Müdafiə Qərargahının rəisi: Mülki Müdafiə təliminin keçirilməsində əsas məqsədimiz rayonun ərazi mülki müdafiə qüvvələrinin mülki müdafiə xidmətlərinin hazırlıq vəziyyətini yoxlamaq hər bir mülki müdafiə qüvvəsinin hadisə yerinə cəlb olunması və hadisə yerində fəaliyyəti qarşılıqlı tibbi yardım özünə tibbi yardım ərazidə xilasetmə işinin aparılması eləcədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə qarşılıqlı iş birliyinin yaradılması ümumiyyətlə rayonda ərazi xialsetmə qüvvələrinin və mülki müdafiə xidmətlərinin hazırlıq vəziyyətinin yoxlanılmasıdır.
Kompleks təlimə rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin 254 nəfər şəxsi heyəti, 56 ədəd texnikası, həmçinin Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin texnikası cəlb edilib. Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilib və qarşıya qoyulmuş məqsədə nail olunub.
Natiq Hüseyn
- Baxış: 800