• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4417
— 02.08.2019 16:28

Lombarda basqın olub, qadına xəsarət yetirilib

KepezTV Player

Cinayət törədiblər, qaçarkən olay yerindəki kameranın yaddaş blokunu da özləri aparıblar. Elə sanıblar ki, qanuna zidd əməlləri qaranlıqda qalacaq. Ancaq polisin zirəkliyi hər şeyi gün üzünə çıxarıb. Az sonra söhbətin nədən getdiyini biləcəksiniz. Materialı izləyək.

Paytaxtın Xətai rayonu ərazisində yerləşən lombardlardan birində işləyən qadına qarşı quldurluq edilib. Hadisə zamanı zərərçəkənin baş nahiyəsinə xəsarət yetirən naməlum şəxslər pul və qızıl-zinət əşyaları götürərək qaçıblar.Lombardın müşahidə kamerasının yaddaş blokunu da çıxararaq özləri ilə aparmağı unutmayıblar. Faktla bağlı məlumat daxil olan kimi Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən olay yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Ağcabədi rayon sakini Nəbi Əhmədov və Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Əliyev tutularaq istintaqa təqdim ediliblər. Şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Onlar lombarda daxil olan zaman özlərini su idarəsinin əməkdaşları kimi təqdim etdiklərini bildiriblər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, araşdırmalar davam etdirilir.