• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 734
— 29.07.2019 16:10

Abituriyentlər ixtisas seçimi ilə bağlı marifləndirilirlər

KepezTV Player

Artıq bir neçə gündür ali və orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ixtisas seçiminə başlanılıb. Abituriyentlər topladıqları bala uyğun olaraq ali təhsil müəssisələri arasında seçim aparırlar. Tələbə adını qazanmaq istəyən məzunlara yardım etmək üçün Dövlət İmtahan Mərkəzinin Şəmkir Regional bölməsinin əməkdaşları rayonlarda abituriyenlər və onların valideynlərinə müəyyən tövsiyələr verirlər.

Sənan Həsənov - abituriyent: “I qrupa imtahan vermişdim. 507 bal topladım. Bu gün də Dövlət İmtahan Mərkəzinin məsləhət mərkəzinə gəlmişəm ki, məsləhətlərimizi alaq. Sağ olsunlar, yaxşı məsləhət verdilər. Məsləhətə uyğun olaraq ixtisaslarımızı seçdik. İndi nəticələrimizi gözləmək qalır”.

Sənan Həsənov kimi minlərlə abituriyent tələbə adını qazanacağı günü səbirsizlikə gözləyir. Bunun üçün əvvəlcə imtahanlarda yüksək bal toplamağı qarşıya məqsəd qoyan gənclər daha sonra düzgün ixtisas seçimi edərək arzularını reallaşdıra bilərlər. Dövlət İmtahan Mərkəzinin yerlərdə fəaliyyət göstərən bölmələrinin əməkdaşları bu işdə abituriyentlərə yardımçı olmağa çalışırlar.

Faiq Həsənov - DİM-in Şəmkir Regional bölməsinin müdiri: “Abituriyent məsləhət mərkəzinin əsas məqsədi odur ki, abituriyentlərə düzgün istiqamət verilsin. Topladıqlara bala uyğun olaraq ixtisas seçimində yanlışlığa yol verməsinlər. Onlar bəzən topladıqları baldan daha yüksək iddia ilə çıxış edir və yerlər seçirlər. Bu da onların  kənarda qalmasına səbəb olur. Həmçinin onları maraqlandıran bütün suallara abituriyent məsləhət mərkəzlərində cavab verilir”.

Dövlət İmtahan Mərkəzinin Şəmkir Regional bölməsinin əməkdaşları əvvəlcədən tərtib edilən cədvəl əsasında yerlərdə abituriyent və onların valideynləri ilə məsləhətləşmələr aparırlar. Məsləhət saatının növbəti ünavanı Tovuz rayonu olub. Gün ərzində 100-dən çox abituriyentə müvafiq tövsiyələr verilib.

Əliyar Bayramov abituriyent: “440 bal toplamışam. Bu gün Dövlət İmtahan Mərkəzinin məsləhət mərkəzinə gəlmişəm. Yaxşı məsləhətlər verildi. Seçimimiz etdik”.

Dövlət İmtahan Mərkəzinin Şəmkir Regional bölməsi Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarını əhatə edir. Növbəlilik əsasında sözügedən rayonlarda da məsləhət saatları təşkil olunur.

 

Natiq Hüseyn