Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 18 kq 870 qram narkotik vasitə və 45 həb psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Füzuli rayonu Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları polietilen paketlərdə ümumi çəkisi 13 kq 670 qram olan heroin, tiryək və marixuana növündə narkotik vasitəni, həmçinin 45 həb psixotrop maddəni hadisə yerində ataraq geriyə qaçıblar. Lənkəran rayonu Şahağacı kəndi yaxınlığında yerləşən sahil nəzarət bölməsinin xidməti sahəsində 2 nəfər naməlum şəxsin sahil xətti yaxınlığında hərəkətləri diqqəti cəlb edib, onlara yaxınlaşarkən qaçmağa cəhd göstərmələrinə baxmayaraq sərhəd naryadı tərəfindən saxlanılıblar. Onların əşyalarına baxış keçirilib, içərisində ümumi çəkisi 5 kq 200 qram heroin və tiryək növündə narkotik vasitə olan bağlama aşkar olunub. Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 54 yaşlı Arzuman Hüseynov və 46 yaşlı Mürsəl Əsgərov olduğu müəyyənləşdirilib.Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 447