Gəncə şəhər İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziya üçün yeni bina tikilir. Layihəyə görə müasir standartlara cavab verəcək bu təhsil ocağı gələn tədris ilinin əvvəlində müəllim və şagirdlərin istifadəsinə veriləcək.
Gəncə şəhər İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziya 1960-cı ildən fəaliyyət göstərir. Gimnaziyanın inzibati binası iki mərtəbəli, 24 otaqdan ibarətdir. Yataqxana binası isə üç mərtəbəli, 36 otaqlı olub. Hər iki tikilidə indiyə kimi əsaslı təmir işləri aparılmayıb. Bu da müəllim və şagirdlər üçün çətinliklər yaradıb. Amma bu problem arxada qalır. Gimnaziya üçün yeni bina inşa ediləcək.
Salman Nəbiyev - sahə rəisi: İnternat məktəbinin söküntüsünə başlamışıq. Bu gün dam örtüyünü qurtarmışıq. Ayna, qapı, döşmənin söküntüsü də yekunlaşıb. Ayın axırına kimi məktəbin söküntüsünü tam başa çatdıracağıq. Sebtyabr ayından məktəbin tikintisinə başlayacağıq.
Layihəyə əsasən, Gimnaziyanın yeni inzibati binası 3 mərtəbəli və 40 otaqlı olacaq. Burada xüsusi fənn kabinələri, laboratoriyalar, idman zalı, komputer otaqları fəaliyyət göstərəcək. Həmçinin bina istilik sistemi ilə təchiz olunacaq. Bundan başqa şagirdlər üçün 2 mərtəbəli yataqxana da inşa ediləcək.
Pənah Səmədov - Gimnaziyanın direktoru: Gimnaziyanın nizamnaməsinə əsasən Gimnaziya yaradıldıqda 4 dil nəzərdə tutulmuşdu. İngilis, rus, ərəb və alman dili. Hazırda ingilis və rus dilləri tədris olunur. Məktəbimiz genişləndirildikdən siniflərin sayı artdıqdan sonra ərəb və alman dillərini tədris edə biləcəyik.
Gələn tədris ilinin ilk günündə istifadəyə verilməsi planlaşdırılan binanın həyəti də abad olacaq. Yeni işıq dirəkləri basdırılacaq, fantan quraşdırılacaq, yaşıllıq salınacaq. Həmçinin gimnaziyanın həyətində şagirdlər üçün futbol və voleybol meydançaları tikiləcək.
Elnur Vahidoğlu
- Baxış: 1301