Gədəbəy rayonunda keçirilən gənc mədəniyyət işçilərinin “I Beynəlxalq yay düşərgəsi” çərçivəsində “Milli mədəni brend – müasir tendensiyalar” adlı beynəlxalq konfrans təşkil olunub. Tədbirdə yerli mədəniyyət işçiləri ilə yanaşı, Türkiyə İnegöl Bələdiyyəsinin Xalq rəqsləri ansamblı, Qazaxıstan Milli İncəsənət Universitetinin nümayəndələri, eləcə də Rusiyadan olan tanınmış alim və professorlar iştirak ediblər. Yerli mədəniyyət işçiləri “Mədəniyyətimizin təbliği mədəniyyət işçilərinin fəaliyyətinin əsas predmeti kimi”, “Brendləşən mədəniyyət nümunələri”, “Mədəniyyət və gənclik”, “Müasir geyimlərdə milli üslubun təcəssümü” adlı məruzələr səsləndiriblər. Qonaqlar isə “Mədəniyyətdə müasir tendensiyalar” “Mədəni xidmətlər”, “Türk milli mədəniyyətinin təbliğində gənclərin rolu” mövzularında çıxış ediblər. Natiqlər xalqımızın milli irsinin azərbaycançılıq ideyasının daşıyıcısı olduğunu önə çəkiblər. Mədəniyyətimizi, dünyagörünüşümüzü, təfəkkür və düşüncəmizi, adət-ənənələrimizi özündə əks etdirən milli mədəni nümunələrin zamanın sınağından keçərək günümüzə qədər gəlib çatdığı vurğulanıb. Konfransda ilk dəfə olaraq Kreativ laboratoriyanın təsis olunması ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət məktubu ünvanlanıb.
Asif Usubəliyev – Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru: “Bugünkü tədbir və bu həftə ərzində reallaşan tədbir məhz bu siyasətin davamı olaraq qiymətləndirilir. Təqdirəlayiq haldır ki, milli mədəni brendin formalaşması mövzusuna həsr olunmuş tədbirdə mədəniyyət işçiləri ilə yanaşı, ölkənin müxtəlif ali təhsil müəssisələrinin rəhbərləri elmi tədqiqat institutlarının rəhbərləri və yerli icra qurumları iştirak edir.
Fatih Oral - türkiyəli qonaq: Mədəniyyətlərimizin birləşməsi, ortaq qaydada fəaliyyəti üçün çalışmalar aparılır. Bu sahədə müzakirələrimiz çox önəmlidir.
Natiq Hüseyn
- Baxış: 656