• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 22.07.2019 12:19

Gəncəli güləşçi Olimpiya Festivalının qalibi olub

KepezTV Player

Bakıda keçirilən Avropa Gənclərinin Olimpiya Festivalında güləş üzrə mübarizələrdə artıq ilk qaliblər bəlli olub. Nüfuzlu yarışda Gəncəni təmsil edən 4 idmançıdan biri - sərbəst güləşçi Murad Haqverdiyev uğurlu çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nizami yurdunun yetirməsi Olimpiya Festivalında 45 kq-da bütün rəqiblərinin kürəyini yerə vurub. Haqverdiyev yarışda 5 görüş keçirib. Murad finala gedən yolda Rusiya, Belarus, Türkiyə və Polşa təmsilçilərini üstələyib. Həlledici görüşdə Gəncə pəhləvanının rəqibi gürcü idmançı olub. Qarşılaşmanın ilk dəqiqələrindən fəallığı ilə seçilən Murad Haqverdiyev əvvəlcə qonşu ölkə təmsilçisini parter vəziyyətinə salıb. Daha sonra timsah fəndindən istifadə edən güləşçimiz hesabı 8:0 xeyrinə dəyişib. Sonadək üstünlüyünü əldən verməyən Murad yekunda 11:4 qələbə qazanaraq festivalın qalibi olub.

Yarışın ilk günü Murad Haqverdiyevlə yanaşı, 3 güləşçimiz xalça üzərinə çıxıb. Onlardan klassik növdə Fərid Sadıxlı qızıl, Nihat Məmmədli bürünc, sərbəst güləşdə isə Əbülfəz Nəsirov gümüş medal qazanıb.

 

Orxan Cəfərzadə