• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1074
— 15.07.2019 13:34

Bizi qarpız zəhərləyir, ya özümüz?

KepezTV Player

Yay mövsümündə ən çox alınan məhsulların ilk sıralarında qarpız da yer alır. Bu şirəli bostan bitkisinin sərinləşdirici xüsusiyyəti bir qırağa, çoxlu faydaları da var. C və A vitamini ilə zəngin olan qarpız, eyni zamanda güclü antioksidantdır. Onun sadəcə, xeyirlərindən yararlanmaq istəyiriksə, seçim edərkən maksimum ehtiyatlı davranmalıyıq. Çünki diqqət etmədiyimiz bəzi əlamətlər qarpızın zəhərli olduğuna işarə edir.

Şirin Əhmədova həkim-infeksionist: Qarpızı kəsdikdən sonra əgər içərisində qabığı ilə ləti arasında müəyyən sarı xəttin olması, orta hissəsində ağ xətlərin olması qarpıza verilən gübrələrin artıq olduğunun göstəricisidir. Həmin qarpız zəhərlənməyə səbəb ola bilər, hətta onun qəbulu ölümlə də nəticələnə bilər.

Diqqət yetirilməli nünanslardan biri də ən böyük giləmeyvənin ölçü və çəkisinin bir-birilə uzlaşmasıdır. Mütəxəssislərin sözlərinə görə, qarpızın qabığında cuzi bir qara nöqtənin və yaxud dəliyin mövcudluğu onun zəhərli olduğundan xəbər verir. Bostan bitkisinin gübrəli torpaqda yetişdiyini nəzərə alıb, kəsməzdən əvvəl onu süngərlə yaxşıca yumaq lazımdır.

İradə Dəmirova şəhərin baş infeksionisti: Qarpızdan barmaq böyüklüyündə bir hissəni kəsib, normal temperaturlu suyun içinə salırlar. 5 dəqiqə gözləyirlər. Əgər rəng dəyişmirsə, suya əlavə rəng çıxmırsa demək ki, o qarpızdan istifadə etmək olar. Əgər kəsilirsə, onu təzə-təzə yeməlisən. Onu saxlamaq mənasızdır. Əgər saxlayırsansa doğrayıb, hazır vəziyyətdə bankada soyuducuda saxlamaq olar.

Giləmeyvəni kəsərkən qabığının rənginə fikir vermək son dərəcə vacib məqamlardandır. Əgər aldığınız qarpızın qabıq hissəsi daxildən ağ deyil, sarı və yaxud başqa rəngdədirsə, ondan qəti şəkildə istifadə etməyin! Qarpızı iki yerə bölərkən orta hissədə müəyyən çökəkliyin olması, lətində rast gəlinən ağ və yaxud sarı rəngdə zoğlar da zəhərli olmasından xəbər verir.

İradə Dəmirova şəhərin baş infeksionisti: Son vaxtlar qarpızdan zəhərlənmə ilə bağlı müraciətlər artıb. Qusma, ishal, halsızlıq kimi əlamətlərlə xəstəxanaya gəlirlər. Ona görə hamıdan diqqətli olmalarını tövsiyə edirəm. əgər bu cür əlamətləri müşahidə edərlərsə, vaxtında,gecikdirmədən xəstəxanaya müraciət etsinlər. Evdə yubanmasınlar. Bəzən xəstənin vəziyyətini ağırlaşdırıb xəsrəxanaya üz tuturlar. bu bizim üçün çətin, xəstənin həyatı üçün təhlükəlidir.

Zəhərlənmə adətən ürək bulanma, qusma, ishal, ümumi halsızlıq, bəzən isə titrətmə kimi əlamətlərlə müşahidə olunur. Sadalanan əlamətlər qida qəbulundan yarım saat sonra başlayıb, 4 saatadək davam edə bilər.

Şirin Əhmədova həkim-infeksionist: Əgər həkimə müraciət gecikərsə, xəstənin mədəsi yuyulmalı, imalə olunmalıdır. Müəyyən qabaqlayıcı tədbirlər görülməlidir ki, proses dərinləşməsin.

Bəzi hallarda ev şəraitində düzgün müdaxilə, xəstənin vəziyyətinin ağırlaşmasının qarşısını müvəqqəti də olsa alır. Lakin ən məqbulu, zəhərlənən şəxsin vaxtında xəstəxanaya çatdırılması, lazımi prosedurların tibb işçiləri tərəfindən həyata keçirilməsidir. Sonradan geri dönüşü olmayan, xoşagəlməz nəticələrlə üz-üzə qalmamaq üçün...