• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 13.07.2019 14:32

Qədim kəhrizlər bərpa olunacaq

KepezTV Player

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Gəncə və 7 rayonda 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur. Bu məqsədlə Beynəlxalq MiqrasiyaTəşkilatının Azərbaycandakı nümayəndəliyi Azərbaycan Dövlət Aqrar Universitetinin rəsmiləri ilə görüş keçirib. Toplantıda kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, kəhrizlər haqqında məlumatların, bilik və təcrübələrin mübadiləsi üçün unikal ixtisaslaşmış Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin yaradılması məsələləri müzakirə olunub. Tərəfdaşlıq çərçivəsində ADAU-nun müəllimlərinin kəhriz mühəndisliyi üzrə təlimçi kurslarında iştirak edəcəyi və BMqT ilə birgə tədris planının hazırlanaraq müvafiq mütəxəssislərin hazırlanmasında istifadə ediləcəyi diqqətə çatdırılıb. “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində BMqT-nin Azərbaycandakı nümayəndəliyi və ADAU arasında Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin yaradılması, eləcə də Kəhriz mühəndisliyi kurslarının tədrisinə dair Tərəfdaşlıq Sazişi imzalanıb.

Mirnaib Mirsalahov - kafedra müdiri: 14-cü əsrdə Gəncə şəhəri bağlar və kəhrizlər şəhəri kimi tanınırdı və həmin vaxt şəhər ərazisində 32 kəhriz mövcud idi. Bu kəhrizlər ayrı-ayrı mülkədarlar tərəfindən tikilib, qurulub əhalinin istifadəsinə verilirdi. Lakin sovet hökuməti gələndən sonra Gəncədə məqsədli şəkildə bütün kəhrizlər dağıdıldı, məhv edildi.

Vladimir Qyorqiyev - BMqT-nin Azərbaycandakı nümayəndəsi: Biz hazırda Azərbaycanın seçilmiş regionlarında 40 kəhrizin bərpasını nəzərdə tutan bir layihəni həyata keçiririk. Bununla yanaşı, biz kəhriz sistemləri və onun bərpası üzrə biliklərin, təcrübənin və bu işlə məşğul olan kankan peşəsinin gələcək nəsillərə ötürülməsinə çalışırıq. Bu məqsədlə Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq edəcəyimiz üçün məmnunam. Qeyd edim ki, Gəncə şəhərində 400 illik yaşı olan qədim kəhrizin bərpası gəncəlilər üçün çox vacib olacaqdır.