• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2089
— 12.07.2019 12:12

Gədəbəydə ucqar kəndlərin qazlaşdırılması davam edir

KepezTV Player

Prezident İlham Əliyevin tapşırığına əsasən, ucqar kəndlərin qazlaşdırılması prosesi davam etdirilir. Gədəbəy rayonunda da cəbhəyanı ərazidə yerləşən daha 3 kənd mavi yanacaqla təchiz olunub.

İnsaf Abbasov sakin: Bu gün bizim sevincimizin həddi-hüdüdu yoxdur. Ona görə ki, biz bu günədək çox çətinlik çəkmişik. Bizim hər il ən azı 600 manat oduna xərcimizi çıxırdı. Təmizlik edə bilmirdik. Bu gün bizim gözəl, sevincli günümüzdür ki, qazımız gəlib. Yolumuz bərpa olunub. Hər bir işimiz öz qaydasındadır.

Təbii qazın verilişinə sevinənlər Novoivanovka, Çiçəkli və Şahdağ kəndlərinin sakinləridir. Ümumilikdə 996 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 90 min metrə yaxın müxtəlif diametrli polad borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac, fərdi tənzimləyici quraşdırılıb.

Şəhniyar Qasımov sakin: Çox çətin idi. Qocalar üçün, cavanlar üçün çətin idi. Kəndimizə təyinatla gələn müəllimlər, həkimlər üçün çətin idi. İndi şükür Allaha, Prezidentimizin canı sağ olsun, kibriti çəkib qazımızı yandırırıq. Yarım dəqiqə əziyyəti var. İstədiyinin, qonağın yanında üzün ağ olur. Yeməyin bişir, çayın qaynayır. Hər işin hazır, istilikdə normal olur.

Zaman Rəhimov sakin: Bu qaz gəlib İvanovka kəndinə çatıb. Bu qışımızı Allah özü uğurlu eləsin. Qışı qazla keçirəcəyik. Meşələr də öz yerində qalacaq.

Kəndlərə mavi yanacağın verilməsi münasibətilə təşkil edilən mərasimdə çıxış edənlər son illər Gədəbəydə yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. 2018-ci ildə rayonun 22 kəndinə ilk dəfə təbii qaz verilib, bu il isə nəzərdə tutulan 8 kənddən 6-da proses tam başa çatdırılıb. Hazırda  rayonunun Qurudərə və Sarıköynək kəndlərində qazlaşdırma işləri aparılır, tezliklə mavi yanacağın verilişi təmin ediləcək. Rəsmi hissədən sonra kəndlərə qazın verilişini bildirən rəmzi məşəl alovlandırılıb.

Natiq Hüseyn