• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1968
— 10.07.2019 20:39

Yeni trendin müəllifləri

KepezTV Player

Qısa zaman kəsiyində youtubeda "Ze Tv official" kanalı ilə populyarlıq qazanan gəncləri yəqin ki, çoxları tanıyır. 4 aktyordan ibarət komanda fərqli mövzularda qısametrajlı filmlər çəkir, şəhərin müxtəlif məkanlarında sosial eksperimentlər aparırlar.

Ruslan Hüseynov Gəncə Dövlət Dram Teatrının aktyoru: Bir mövzu seçirik, onun ətrafında müzakirələr gedir. Çeynənmiş, işlənmiş mövzulara maksimum toxunmamağa çalışırıq. Daha düşündürücü, dərin mövzuları seçirik ki, izləyicilərimizi maarifləndirək. Nəzərə alsaq ki, indi gənclər yutubda çox vaxt keçirir, məqsədimiz onları maarifləndirmək və kreativ ideyalarla gündəmə gəlməkdir.

Sən demə, seçilən mövzuya uyğun sosial eksperimentləri həyata keçirmək qısametrajlı filmlərlə müqayisədə daha çətin olur. Qarşındakı insanın yaranmış vəziyyətə necə reaksiya verəcəyini təxmin edə bilməmək bir kənara, eyni zamanda..

Elmir Məmmədov Gəncə Dövlət Dram Teatrının aktyoru: Qarşına necə insan çıxacağını bilmirsən. Hər şey ekspertin gedişatına, sonuna qalır. Onun çəkilişləri çox maraqlıdır. Bəzən elə insanlara rast gəlirik ki, özümüz belə təəəccüblənirik. Elə say-seçmə insanların olduğuna sevinirik.

Komandanın digər iki üzvü Ziyad Abbasov və Murad Meyfalıyevdir. Onlar sosial eksperimentlərin çəkilişi zamanı kamera arxasında olurlar. O ki, qaldı gənc aktyorların kimlərsə tərəfindən tanınmasına, hələlik bu kimi problemlə rastlaşmırlar.

Elmir Məmmədov Gəncə Dövlət Dram Teatrının aktyoru: Bizim simamız hələ bir o qədər də tanınmır. Bizi insanlar teatrda hansısa tamaşada görə bilər. Amma sosial eksperimentlrədə təbii ki, geyimdə dəyişiklik edirik, qrim vasitəsilə üzümüzdə dəyişiklik edirik. Yəni işimiz aktyorluqdursa çalışırıq qarşımızdakı insanı özümüzə inandıraq.

Elmir Məmmədovun sözlərinə görə, sosial eksperimentlərin çəkilişi zamanı gənclərlə müqayisə yaşlı nəslin nümayəndələrinin reaksiyaları daha maraqlı olur. Ehtiyac duyulduğu təqdirdə, teatrın aktrisalardan da yararlanan kollektiv, hələlik 4 üzvlə kifayətlənir.

Ruslan Hüseynov Gəncə Dövlət Dram Teatrının aktyoru: Biz professional aktyorlarıq. Niyə də bizim səsimiz Türkiyədən, Hollivuddan gəlməsin?! İstər aktyorluq, istərsə də səhnə performansı cəhətdən biz onlardan geri qalmırıq. İşlərimizə dəstək verilsə, diqqətin artdığını görsək qısametrajlı filmləri tammetrajlı filmlərə çevirə bilərik. Niyə də yox?!

Aktyorlar sosial şəbəkələrdə rəy bölməsinə yazılan şərhlərə, ünvanlarına səslənən fikirlərə hər zaman böyük önəm verirlər. Bununla belə, hər təklif olunan mövzuda çəkilişləri aparmağı doğru hesab etmir və ssenarini özləri müəyyənləşdirirlər.