• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1141
— 10.07.2019 15:27

Ordu sıralarına gedən gənclər qələbə əzmindədirlər

KepezTV Player

Gəncədə gənclər hərbi xidmətə təntənə ilə yola salınıblar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsi tərəfindən təşkil edilən, rayon icra hakimiyyəti, idarə və təşkilatlar, eləcə də hüquq-mühafizə orqanları rəhbərlərinin qatıldığı tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Dahi şəxsiyyətin adını daşıyan mərkəzdə ulu öndərin həyat və fəaliyyətinə dair fotostendlərlə tanış olublar. Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsinin rəisi polkovnik-leytenant Elşən Abbasov Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən və Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan söz açıb. Qeyd olunub ki, Azərbaycan əsgərinin döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksəkdir. Çıxışlarda çağırışçılara nümunəvi xidmət etmək, Azərbaycan əsgəri adını şərəflə daşımaq tövsiyyə olunub. Vətəni qorumaq kimi müqəddəs borcun yerinə yetirilməsində gənclərə uğurlar arzulanıb, onların nümunəvi hərbi xidmət keçəcəklərinə əminlik ifadə edilib. Tədbir əsl bayram abu-havası ilə davam edib. Çağırışçılar və valideynlər milli musiqilərin sədaları altında rəqs ediblər. Müdafiə Nazirliyinin hərbi orkestrinin geniş konsert proqramı, N saylı hərbi hissəsinin əsgərlərinin nümunəvi çıxışlarından sonra çağırışçı gənclər dövlət bayrağını öpərək xüsusi avtobusla bölgü üzrə hərbi hissələrə yola düşüblər.

Xalidə Əsgərova şəhid anası: Mən onlara həyatda cansağlığı, uzun ömür arzulayıram. Arzu edirəm ki, əsgərlərimiz enişli-yoxuşlu, keşməkeşli və çətin yollarda erməniyə qalib gələ bilsinlər. 

Camal Sarıyev valideyn: Oğul ondan ötəridir ki, Vətənin müdafiəsinə getsin. Müstəqil Azərbaycanımızı bax belə oğullarımız qorumalıdır. Mən də çox arzu edirəm ki, bu gün yola saldığım oğlum qələbə sevinci ilə üstümüzə qayıtsın.

Rahib Hüseynov çağırışçı: Ali təhsilimi başa vurub hərbi xidmətə yollanıram. Bu, bizim üçün həm mürəkkəb həm də qürurverici bir hissdir.  İnşallah mənim kimi gedən bütün əsgərlər sağ-salamat qayıdıb ailələrinin yanına gələrlər.

Natiq Hüseyn