Bu gün ordumuz yüksək döyüş qabiliyyətinə malikdir. Aprel döyüşləri bunu bir daha təsdiq etdi. Bu fikirlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimində səsləndirilib.
Tədbir iştirakçıları və çağırışçı gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Ümummilli liderin adını daşıyan mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyətinə dair fotostendlərlə tanışlıq olub. Tədbirdə rayon icra hakimiyyəti, idarə və təşkilatların nümayəndələri, müharibə veteranları, hərbçilər və valideynlər çıxış edərək ordu sıralarında qulluq etməyin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıblar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi mayor Mehman Rəhimov gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını vaxtında yerinə yetirməyi tövsiyə edib. Çağırışçı gənclərin hərbi xidmətə böyük həvəslə getmələri ordu quruculuğundakı uğurların nəticəsi kimi qiymətləndirilib.
Füzuli Qasımov valideyn: Mənim qardaşım oğlu bu gün hərbi xidmətə gedir. Onlara uğurlar dinləyirəm. Öz övladım şan-şöhrətlə hərbi xidmətini başa vurub. Qarabağ zonasında xidmət aparıb. Bu gün qardaşım oğlu ilə birlikdə xidmətə gedən bütün əsgərlərə uğurlar arzulayıram.
Mərasim iştirakçıları hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışıblar. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün güclü maddi-texniki bazaya malik Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni məhv etməyə hər an hazırdır. Son illər Qazaxlı gənclər arasında hərbi çağırışdan yayınma hallarının qeydə alınmadığı xüsusi vurğulanıb.
Natiq Novruzov çağırışçı: Ali təhsilimizi bitirb hərbi xidmətə getməyimizdə məqsədimiz ondan ibarətdir ki, işğal altında olan torpaqlarımızı geri qaytaraq. Yəni buna görə də çox sevincliyəm ki, mən bu gün gedib Azərbaycan torpaqlarını qoruyacam və orada Vətən üçün xidmət edəcəm.
Tədbir şən mahnı və rəqslərlə davam edib. Sonda çağırışçı gənclər Azərbaycanın üçrəngli bayrağını öpərək xüsusi ayrılan avtobusla hərbi hissələrə yola düşüblər.
Natiq Hüseyn
- Baxış: 428