Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib. Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Ali Baş Komandanın qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradıldığını qeyd edib. Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olduğu xüsusi vurğulanıb. Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif edilib. 5 hektar ərazidə yerləşən hərbi hissədə 14,6 min m2 sahədə inşaat işləri aparılıb, xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Səfər çərçivəsində təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılıb.
- Baxış: 713