• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2146
— 29.06.2019 16:08

Misgərlik sənətini yaşadanlar

KepezTV Player

Misgər Qalib Fəhimov əslən İsmayıllı rayonun Lahıc qəsəbəsindəndir. Onun atası  Sultan kişi Gəncəyə ötən əsrin 50-ci illərindən  köçüb və  o Gəncədə yerləşən qədim karvansarada ulu babalarından öyrəndiyi misgərlik sənətini davam etdirib. Hazırda isə Qalib və Məhəmməd qardaşları atasından qalan bu qədim peşəni yaşadırlar.

Qalib Fəhimov misgər: Çox qədimi sənətdir. Elə əşyalar var ki, üstün də min illər tarixi olur. Həm də bilinir ki, bu sənət Azərbaycana məxsusdur. Çox millətlər öz adlarına çıxarır. Ancaq bu misgərlik sırf Azərbaycana məxsusdur. Mehriban xanımda sağ olsun YUNESKO-da təsdiqlənib ki, misgərlik Azərbaycana məxsusdur.

Emalatxanasında misdən qazan, məcməyi, tava, samovar və digər qablar hazırlayan misgər bu məişət əşyalarına ata, babalarından qalan, özünə məxsus naxışlar vurur.

Qalib Fəhimov misgər: Çəkiclərimizin izlərindən hərənin öz dəst xətti var. Min dənənin içindən seçəsiyik. Hamı bir-birinin işini bilir. Hətta rəhmətə gedənlərin də əl işləri bilinir. Burada ehtiyac da çoxdur. Bütün Şəmkir, Qazax, Ağstafa, Yevlax hətta Bakıdan da müraciət edənlər olur.Bu sənətlə məşğuluq, razıyıq. Biz əlimizdən gələni edirik ki, bu sənət yaşasın.

Ulu babalarından qalan misgərlik sənətini yaşatmağa çalışan ustanın qardaşı oğlu həm bu sənəti öyrənir, həm də ona kömək edir. İncəlik, səbr tələb edən misgərliyi Gəncədə yalnız Fəhimovlar nəsli davam etdirir.

Röyal Fəhimov misgər: Rəhmətlik babama yemək gətirə-gətirə hardasa bu sənətə 7 yaşımdan başladım. Heç bir çətinliyi yoxdur, bu sənəti də sevib gəlmişəm. 24 ildir ki, sənətdəyəm. İnşallah gələcək nəsillərdə ötürəcəyik. Qədimi bir sənətimizdir, atalarımızdan, babalarımızdan bu sənət bizlərə qalıb. Bizim sənətə hər ildə, hər əsrdə tələbat var.

Misdən hazırlanan əl işlərinin 40-dan artıq növü olub və beş qrupda ümumiləşdirilib. Xörək, süfrə, su-ağartı qabları və məişət əşyaları.Usta deyir ki, 50-60 litr tutan qazanı eləcədə 8-10 litr tutan samavarı 1 həftəyə düzəldir. Misdən hazırlanan məhsulların qiyməti isə 100-600 manat arasında dəyişir.