Adətən rəqs və musiqiyə "ruhun qidasıdır" deyirlər. Heç təsadüfi deyil ki, ən kefsiz olduğumuz zamanlarda şən musiqi və ya gözoxşayan rəqs bir anda simamızda təbəssüm yaradır. Bu sahədə öz sözünü deyənlər hər zaman istedad qədər təcrübənin də əhəmiyyətini vurğulayır, gələcəyin yaxşı rəqqaslarının ta kiçik yaşlarından bəlli olduğunu qeyd edirlər. Görəsən, bu fikirlə nə dərəcədə razılaşmaq olar? Ümumiyyətlə, bu gün azyaşlılar arasında rəqsə maraq hansı səviyyədədir?
"Pozitiv, sağlam və əyləncəli vaxt keçirmək". İncəsənətin sevilən sahələrindən biri olan rəqsi müəyyən qədər bu ifadəyə, fikrə sığdırmaq olar. Günümüzdə əksəriyyət ideal bədən quruluşu, düzgün qamət formalaşdırmaq üçün rəqslə həvəskar səviyyədə məşğul olur. Lakin bu sahəyə ciddi maraq göstərən, gələcəkdə peşəkar rəqqas olmağı arzulayanlar da az deyil. Elə süjetimizin azyaşlı qəhrəmanları kimi...
Amil Səfərəliyev - həvəskar rəqqas: “Mənim 8 yaşım var, 2 ildir rəqsə gəlirəm. Milli, avar, gürcü rəqslərini oynamağı bacarıram”.
Seyid Məhəmməd - həvəskar rəqqas: -“Hind rəqslərini öyrənmək istəyirəm. Çünki onda çox maraqlı hərəkətlər var”.
Ayxan Məlikzadə - həvəskar rəqqas: -“Hal-hazırda mən ritmi oynamağı öyrənirəm, bundan sonra ləzginkanı öyrənmək istəyirəm”.
Rəqs müəllimi Nadir Bağırovun sözlərinə görə, son dönəmlər azyaşlılar arasında rəqsə maraq xeyli artıb. Müxtəlif rəqsləri öyrənmək üçün ona əsasən, 5-10 yaş arası uşaqlar müraciət edirlər. Hazırda daha çox təlabat isə milli və Latın Amerikası rəqslərinədir.
Nadir Bağırov - rəqs müəllimi: -“Əvvəlki illərlə müqayisə etdikdə, indi tələbərimiz daha çox artıb. Əvvəl azyaşlılardan ibarət 5 qrup var idisə, indi qrupların sayı da artıb. İndiki şagirdlərim daha çox uğurlar, nailiyyətlər qazanıblar. Əldə etdiyimizə uğurlara görə tələbələrimə təşəkkür edirəm ki, mənim başımı hər zaman uca ediblər”.
Nadir Bağırov azyaşlı tələbələri ilə bir çox nailiyyətlər qazanıb. Şəhər, eyni zamanda regional tədbirlərdə fərqli rəqs nümunələri ilə çıxış edirlər.
Rəvan Azadov - həvəskar rəqqas: “Mən 5 növ rəqslə məşğulam. Gürcü rəqsini öyrənmək mənə çətin gəldi. Amma müəllimimin sayəsində bu çətinlikləri aşdım”.
Miryusif Seyid - həvəskar rəqqas: “Böyüyəndə rəqs müəllimi olmaq istəyirəm. Istəyirəm ki, çoxlu tələbələrim olsun”.
Tahir Musayev - həvəskar rəqqas: “Mən rəqsimi görən hər kəs bəyənir”.
Əli Nəsirov - həvəskar rəqqas: “Bütün rəqsləri öyrənib gələcəkdə yaxşı rəqqas olmaq istəyirəm”.
Heç şübhəsiz ki, istək olan yerdə, hər bir çətinliyin öhdəsindən asanlıqla gəlmək və arzuolunan pilləyə çatmaq mümkündür. Elə Nadir Bağırov da sevimli tələbələrinin gələcəkdə böyük uğurlar qazanacaqlarına, onların peşəkar rəqqas kimi Azərbaycan mədəniyyətini layiqincə təmsil edəcəklərinə inanır.
- Baxış: 677