• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 26.06.2019 17:27

Gəncə İdman Sarayının inşası sürətlənib

KepezTV Player

İdmanın inkişafı üçün prioritet məsələlərdən biri maddi-texniki bazanın yaxşılaşdırılmasıdır. Yeni idman qurğularının, olimpiya komplekslərinin tikilməsi də bu qəbildəndir. Gəncədə müasir tələblərə cavab verən İdman Sarayının inşası da eyni  məqsədə xidmət edir.

İdman qurğusu Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncama əsasən tikilir. Ötən ilin mart ayından inşasına başlanan tikilidə işlər geniş vüsət alıb.  3 hektara yaxın ərazini əhatə edən sarayın hazırda 1-ci mərtəbəsindən 2-ciyə keçid üçün dəmir-beton işləri görülür.

İdman sarayının ilkin layihəsində 15000 min nəfərlik tamaşaçı tutumu olan stadionun inşası da nəzərdə tutulsa da, sonradan bu, layihədən çıxarılıb.  Bu ilin mart ayında Gəncəyə səfər edən Gənclər və İdman naziri Azad Rəhimovun sözlərinə görə, şəhər stadionunun yenidən qurulmasına qərar verildiyindən, yenisinin tikilməsinə ehtiyac qalmayıb. Bununla belə, qurğuda müxtəlif növ olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışların, təlim-məşq toplanışlarının keçirilməsi üçün zallar, həmçinin üzgüçülük hovuzu tikiləcək.

Tikinti işlərinin 2021-ci ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır. Mövcud layihəyə əsasən, Gəncədəki İdman Sarayı böyüklüyünə və xidmət səviyyəsinin müxtəlifliyinə görə regionun ən böyük idman obyektlərindən olacaq.

İdman sarayı istifadəyə verildikdən sonra Gəncənin nüfuzlu turnirlərə ev sahibliyi edəcəyini nəzərə alsaq, qurğunun şəhərin həm idman, həm də turizm baxımından tanınmasında mühüm rol oynayacağı şübhəsizdi.

 

Orxan Cəfərzadə