• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1423
— 24.06.2019 12:00

Italiya çəyirtkələrinə qarşı kütləvi mübarizə aparılır

KepezTV Player

Samux rayonu ərazisində İtaliya çəyirtkələri aşkar olunub. Sirayətlənmə əsasən Qarasaqqal və Qaraağac qəsəbələrinin ərazisini əhatə edir. Həmçinin, rayonun meşə massivi, dövlət fond torpaqları və qış otlaq sahələrini əhatə edən 5000 hektar sahəyə də çəyirtkəkimilərin güclü axını müşahidə edilməkdədir. Artıq dövlət qurumları kompleks mübarizə tədbirlərinə başlayıb.

Namiq Kazımov – fermer: Hər il əkin əkirik. Bu ildə 5 hektar ərazidə bostan salmışıq. Məhsuldarlıq yaxşıdır. Yaxşıda məhsul gözləyirik. Sadəcə olaraq bu meşə ərazisində olan çəyirtkələrin əkin sahəsinə daxil olacağından narahatdıydıq. Sağolsun aidiyyatı orqanlar tədbir aparır. Yəqin ki, qarşısı alınar.

İyunun 12-dən etibarən 1200 hektar sahədə başlayan kimyəvi mübarizə tədbirlərinə Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi,  mobil bitki mühafizəsi dəstəsinin 20-dan çox işçisi və Qida Təhlükəsizlik Agentliyinin mütəxəssisləri cəlb olunublar. Fövqəladə Hallar Nazirliyinin təchizat - kömək dəstələri və Ekologiya və Təbii Sərvətlər Nazirliynin yerli qurumları da  meşə massivində çiləyici maşınların və mobil bitki mühafizəsi dəstələrinin fəaliyyətinin tənzimlənməsi üçün öz dəstəyini göstərməkdədir. 

Viadadi Ələkbərov - Qaraağaclı qəsəbə icra nümayəndəsi: Bizim ərazimizdə əhalinin 100 faizı kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Ərazimizdə 1000 hektardan artıq əkin sahəsi var. Meşədə olan bu çəyirtkələrin bizim əkin sahəsinə də ziyan vurması gözlənilirdi. Sağolsun aidiyyatı orqanlar bu gün gəlib çəyirtkələrin qarşısını alırlar.

Mübarizə tədbirlərinə cəlb olunan çiləyici maşınların işinin tənzimlənməsi üçün su maşınları müntəzəm olaraq sirayətlənmiş sahələrə cəlb edilib. Ağır texnikalar isə meşələrin və relyefin keçilməz yerlərində yollar açaraq çiləyici maşınların hərəkətinə şərait yaradıblar. Tədbirlər həyata keçirildiyi müddətdə ərazidə mal-qaranın bağlı şəraitdə saxlanılması tövsiyyə edilir.

Bayandur Rzayev - Aqrar Xidmətlər Agentliyinin sədr müavini: Baytarlıq xidməti olaraq ərazidə maldarlıq və arıçılıqla məşğul olan bütün fermerlərə tərəfimizdən tapşırıq verilib ki, tədbir aparılan zaman  heyvanlar qapalı şəraitdə saxlanılsın. Rayon Baytarlıq İdarəsi gücləndirilən iş rejimində çalışır. Tədbir aparılan zaman heyvanlarda hər hansı bir zəhərlənmə və yaxudda digər xoşagəlməz hal baş verərsə müdaxilə etmək üçün bütün əməkdaşlarımız tədbirə cəlb olunub.

Kimyəvi mübarizə zamanı  9 ədəd xüsusi ciləyici avtomobildən 4 ədəd ciləyici traktordan, eləcə də kontakt və sistem təsirli preparatlardan və indekslərdən istifadə olunur. Sevindirici haldır ki, mübarizə tədbirləri öz müsbət təsirini göstərir.

Yaqub Səfərov - Aqrar Xidmətlər Agentliyinin sədr müavini: Bu günə qədər ətraf ərazilərdə əkilmiş kənd təsərrüfatı məhsulları çəyirtkəkimilər tərəfindən zədələnməyib. Bu bizim xidmətimizin uğurudur. Hesab edirəm ki, qısa bir müddətdə meşə ərazisində toplanmış populyasyada aradan götürüləcək və təhlükə aradan qaldırılacaq.

İtaliya çəyirtkəkimiləri kütləvi çoxalan illərdə kənd təsərrüfatı bitkilərinə böyük ziyan verir. Yovşan və yabanı dənli bitkilər olan çöllər, yovşanlı yarımsəhra yerlər və boş sahələr bu zərərvericilərin yaşayış yerləridir. Çöllərdə, qumlu və gilli torpaqlarda yumurta qoyurlar. Çünki belə torpaqları günəş yaxşı qızdırır.

 

Natiq Hüseyn