“Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən olan aşıq sənəti dünya mədəni irsinin mühüm və nadir incilərindəndir. Aşıq sənəti 2009-cu ildən YUNESKO-nun qeyri–maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu baxımdan aşıq sənətinin təbliği və tədqiqi aktual və müzakirəli mövzudur”. Bu barədə Gədəbəydə “Aşıq sənətinin fəlsəfəsi: müasirlik və ənənələr” adlı elmi konfransda danışılıb. Aşıq musiqisi məktəbinin ilk məzun gününə təsadüf edən konfransda aşıq sənətinin Azərbaycanda xalq mühitində yaranan şifahi xalq yaradıcılığı musiqi forması olduğuna diqqət çəkilib. Burada musiqi improvizatoru, söz və şer sətirlərinin müəllifi, musiqi alətində – sazda ifaçı və rəqs edən bir simada – aşığın simasında özünü göstərir. Aşıq sənəti Azərbaycanın Qazax, Kəlbəcər, Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapıb. Bu gün aşıq sənətinin qorunması və gənc nəslə öyrədilməsi sahəsində ustad sənətkarların üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.
- Baxış: 445