ABŞ səfirliyinin dəvəti ilə ölkəmizdə amerikalı mütəxəssislər tərəfindən bu idman növünün inkişafı ilə bağlı treninqlər keçirilir. Bu məqsədlə ölkəmizə gələn Amerikanın Basketbol İdman Elçiləri Kreyq Eşerik və Şini Nvaqbo uzun illər topladıqları təcrübəni həmkarları ilə bölüşürlər. Göygöldə reallaşan təlimlərə bu rayonun, həmçinin Gəncə, Mingəçevir və Şəmkirdən olan məşqçilər və müxtəlif yaş qruplarını əhatə edən basketbolçular qatılıb. Azərbaycana səfər çərçivəsində amerikalı qonaqlar son olaraq Bakıda Gənclərin Həmrəylik Basketbol Turnirində iştirak edəcəklər. İyunun 16-dan 24-dək davam edəcək bu layihə səfirliyin təşkil etdiyi davamlı proqramın bir hissəsidir. Xatırladaq ki, 2 il öncə respublikamızın 12 bölgəsində çalışan 14 məşqçi ABŞ Dövlət Departamentinin İdman Diplomatiyası Proqramı tərəfindən dəstəklənən layihə çərçivəsində iki həftəlik Amerikaya səfər etmişdilər.
Kreyq Eşerik - professor, məşqçi: “ Bura ABŞ Dövlət Departamentinin dəstəyi ilə gəlmişik, məqsədimiz idman vasitəsilə iki xalqın mədəniyyətini bir araya gətirmək, diplomatik əlaqələrin daha da irəli getməsinə, inkişafına yardımçı olmaqdır. Burada olmağımızın əsas səbəblərindən biri də məhz budur. Biz öz bilik və bacarığımızı məşqçilər və idmançılarla bölüşməyə gəlmişik”.
Şini Nvaqbo - məşqçi: Azərbaycana ilk dəfədi gəlirəm, xoş təəssürətlarım var. İşimiz maraqlıdı. 2017-ci ildə ölkənizdən bir qrup məşqçi Amerikaya Corc Meyson Universitetinə gəlmişdi və onlarla birlikdə çalışmışdıq. Bəzilərini indi burada da gördüm. İdman vasitəsilə dostluğu, sülhü tərənnüm edirik.
- Baxış: 1059