Gədəbəydə uzunluğu 22 km-dən çox olan avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər bölgədə vətəndaşların rahat gediş-gəlişini təmin etməyə, eləcə də kənd təsərrüfatının və turizmin inkişafına təkan verəcək.
Başlanğıcını respublika əhəmiyyətli Gədəbəy-Şəmkir avtomobil yolundan götürən Arıqdam-Söyüdlü-Soyuqbulaq avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur. Bu 16 km. uzunluğa malik Arıqdam-Soyuqbulaq və 6.2 km. uzunluğa malik Soyuqbulaq-Günəşli avtomobil yollarıdır. Sözügedən yollar 4-cü texniki dərəcəyə uyğun inşa edilir. Yolların uzun müddət təmir olunmadan istismarı sakinlərin narahatlığına səbəb olmaqla yanaşı, qış aylarında çətinliklər yaradırdı.
Yolun 14 km-lik hissəsində normativ eni almaq üçün dağ yamacları mexanizmlə kəsilərək yolda geişləndirmə işləri aparılıb, Mövcud suötürücü borular yararsız vəziyyətdə olduğu üçün layihə çərçivəsində yenilənmə işləri də görülüb. Hazırda yolun 7-ci km-də 2 laydan ibarət asfalt-beton örtüyü döşənir.
Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, yol birləşmələrinin təmiri, zəruri olan kənd yerlərində avtobus dayanacaqlarının quraşdırılması nəzərdə tutulub. Eləcə də avtonəqliyyat vasitələrinin hərəkətinin dağ yollarında təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yol kənarında əyrixətli tirlər və maarifləndirici nişanlar quraşdırılacaq.
- Baxış: 654