• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 12.06.2019 18:43

Milli ürək ağrısı

KepezTV Player

Futbol üzrə Azərbaycan yığma komandası uğursuzluq sözü ilə assosiasiya olunur. Qeydə alınan son nəticələr millimizin xeyrinə yox, yalnız lehinə işləyir. Tək millimizin? Əslində hamımızın!

“Futbol bir dünyadır, amma bu dünyada Azərbaycana yer yoxdur”. Bu sözlər artıq futbol ictimaiyyətində acı zarafata çevrilib. Acı olduğu qədər də düşündürücüdür. Amma deyəsən bəziləri futbol oynamaq bir yana, heç düşünməyi də bacarmırlar. Futbol yığmamız haqda istənilən mövzu hər zaman müzakirəyə açıq olmalıdır, açıqdı da. İllərdir ki, təhlillər, deyilən, önə çəkilən fikirlər, uğursuzluğu doğuran səbəblər haqda danışılanlar sadəcə söz olaraq ortada qalırsa deməli, elə əvvəldən işlər düzgün qurulmayıb. Biz tək oynamağı yox, eşitməyi, sözə qulaq asmağı da bacarmırıq.

Kimin nə qədər qazanması haqda işimiz yoxdur. Bizi maraqlandıran qazananın qazandığına layiq olmasıdır! Söhbət millidən gedirsə, pul haqda danışmağa dəyməz. Axı bu komanda bizim üçün milli dəyərlərlə ölçülür. Hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli, var gücü ilə mübarizə aparmalıdır. Udmaq da olar, uduzmaq da. Amma sonuncunu da kişi kimi etmək lazımdır.

Millini faciəyəyə gətirən səbəblər haqda hərənin öz bildiyi var. Burada fikirlər haçalanır, parçalanır. Əsas olan mütəxəssis rəyi nə deyir?!

Fuad İsmayılov mütəxəssis “Mən bir mütəxəssis kimi deyirəm ki, tez-tez məşqçi dəyişikliyi buna gətirib çıxarır. Yığmanı qarışdırmaq olmaz, yığma bizim “ana” komandamızdır. Uduzdurmaq, hər adamı onun başına gətirib qoymaq o qədər də düzgün deyil. Hansı məşqçi gəlir oyunçular qalır, məşqçini dəyişirlər, futbolçular yenə qalır. Bu, düzgün deyil. Noldu, bu 10-15 ildi bizdən bir ulduz futbolçu çıxmadı. Eyni heyət, eyni nəticə”.  

Yığmanın hazırkı durumundan narazı olanlar sırasında keçmiş milli üzvləri də var. Onlar nəticələri utancverici adlandırırlar.

Fazil Pərvərov millinin sabiq futbolçusu “Oyunla bağlı çox şeylər demək olar. Milli ruh yoxdu futbolumuzda. 8 klubun olmağı Azərbaycan futbolunu çökdürmək deməkdir. Bölgələrin inkişafı dayanır. Milli komandadan çox narazılıqlar var. Biz keçmiş milli futbolçu kimi pulumuz olanda da, olmayanda da ürəyimizi futbola verib oynayırdıq. İndiki futbolçular sanki futboldan “doyublar””.

Futbol azarkeş üçündürsə, onda uğura sevinən, uğursuzluğa ən çox üzülən də onlardır. Millinin əsas təəsübkeşləri üçün belə günlər  doğrudan da çox çətin, əzablı və məyusedicidir. 

Abdulla Nəbiyev azarkeş “Biz milli komandanı bu gün də görmək istəmirik. Son 3 məğlubiyyət biz azarkeşləri acınacaqlı vəziyyətə salıb. Millinin məğlubiyyət bizi çox kədərləndirir. Bölgələrdə futbolumuz bərpad vəziyyətdədir. Mən “şəkər” adamam. Məğlubiyyətdən sonra “şəkər”im qalxıb. Səhhətim pisləşib, dözülməz haldır.”

Vaqif Abdullayev azarkeş “Televizor önündə futbolu izlədik, həmişə olduğu kimi çox üzüldük. Üzüldük ona görə ki, biz artıq utanırıq millinin oyununa baxmağa. Zövq ala bilmirik. Uduza-uduza gedirik, tək orada 11 nəfər uduzmur, xalqın adından oynayırlar, xalq uduzmuş hesab olunur. Regionlarda futbolun olmamasıdır, mən səbəb kimi bunu görürəm. Azərbaycanımızı hər zaman çiçəklənən görürük, futbolumuzun da çiçəklənməsini istəyirik”.

Zahid Hüseynov azarkeş “60 ilin azarkeşi olaraq milli komandanı mən belə vəziyyətdə görməmişdim. Düz-əməlli komanda yaratmaq lazımdır. Baş məşqçiləri ordan-burdan gətirirlər. Yerli məşqçilərimiz yoxdur? Nə vaxta kimi həyacan keçirəcəyik, ürəyimiz ağrıyır. Belə olmaz axı! Biz 11 futbolçu yığa bilmirik yaxşı komanda olsun. Hər dəfə belə danışırıq, bir şey də alınmır”.

Yanaşmalar fərqli olsa da, istəklər, arzular birdir. Futbolumuzun inkişafı fonunda millinin uğur qazanması!

 

 Orxan Cəfərzadə