• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 5026
— 03.06.2019 18:52

Ağır qəzada velosipedçi öldü

KepezTV Player

Yollardan gələn bəla ailə faciəsinə səbəb oldu. Astarada ana və qızı dünyasını dəyişdi. Lənkəranda baş verən qəza da ölümlə nəticələnib. Daha bir xoşagəlməz hadisə Qazaxda olub. Təfərratları izləyək.

Astaranın dağ kəndlərindən olan Təxtənəkəran kəndi ərazisində Nazim Şahmuradovun idarə etdiyi "Niva" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü ilə birgə avtomobildə olan bir ailənin 4 üzvü - Lerik rayonu Kaqoy kənd sakinləri 49 yaşlı Əbülfət Səfərov, 45 yaşlı Səringül Səfərova, 15 yaşlı əkiz bacılar Aytac və Aytəkin Səfərova ağır bədən xəsarətləri alıblar. Onlar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da Səringül Səfərova və onun qızı Aytəkin Səfərovanın həyatını xilas etmək mümkün olmayıb.

Lənkəranda da qəza olub. Hadisə Ələt-Astara magistralının 185-ci kilometrliyində qeydə alınıb. Belə ki, Liman şəhər sakini İxtiyar Şüşəxanovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus Cəlilabad rayon sakini İlkin Rzayevə məxsus "Renault" markalı minik avtomobili ilə toqquşub. Yol kənarındakı hasara çırpılan mikroavtobusun sərnişini, Liman şəhər sakini Vüqar Rzayev hadisə yerində keçinib. Həmin nəqliyyat vasitəsinin xəsarət alan sürücüsü, İxtiyar Şüşəxanov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sol diz sümüyünün açıq sınığı və qapalı kəllə beyin travması diaqnozu qoyulub.

Kürdəmir rayonunda ağır yol qəzası baş verib. Garıs Əyribənd kəndi ərazisində "AzSamand" markalı minik avtomobili velosipedlə qarşısına çıxan kənd sakini, 37 yaşlı Ramil Nadirovu vuraraq öldürüb, daha sonra isə idarəetməni itirərərək yoldan çıxıb və aşıb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Qəzada xəsarət alanlar da var. Bunlar rayonun Garis Əyribənd kənd sakinləri - sürücü, 48 yaşlı Sahib Mirzəyev, 44 yaşlı Eldəniz Ağayarov və sürücünün qızı, 14 yaşlı Fatimə Mirzəyevadır. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Qazaxda traktor sürücüsü ehtiyatsızlıq üzündən ağır yaralanınb. Hadisə rayonun Aslanbəyli kəndində baş verib. 58 yaşlı Məcid Piriyev idarə etdiyi traktorla ot biçən zaman texnikada nasazlıq yaranıb. Nasazlığı təmir edəndə hərəkətə gələn traktor Piriyevi sürüyüb və onun üzərinə aşıb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.Faktlarla bağlı araşdırmalar aparılır.