Gəncə futboluna ağır itki üz verib. “Kəpəz”in ən fəal fanklublarından olan “Xəmsə”nin yaradıcı və rəhbəri Adil Məmmədov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Gəncə fanatlarının Adıl dayı kimi çağırdığı Məmmədov “Xəmsə”ni 2009-ci ildə qurub. Bu azarkeş birliyi komandanın avrokubok və daxili çempionatlardakı ev və səfər oyunlarında hər zaman tribunadan dəstək verib. Əsasən Bakıda fəaliyyət göstərən fanklub sıralarında 100-lərlə azarkeşi birləşdirib.
Səhhəti ilə bağlı ən çətin günlərində belə “sarı-göylər”in yanında olan Adil Məmmədovla vida görüşü onun üçün ən doğma və əziz məkan sayılan Gəncə şəhər stadionunda keçirilib. Adil dayını son mənzilə yola salmaq üçün yaxınları ilə yanaşı, müxtəlif fanklubların üzvləri də arenaya toplaşıb. Mərhumun cənazəsi “Kəpəz”in bayrağına bürünüb. Vida mərasimində Adil Məmmədovun “sarı-göylər”i necə sevməsindən, kollektivə dəstəyindən danışılıb. Azarkeşlər alqışlarla və “Adil dayı, Adil dayı” sədaları ilə Gəncənin ən böyük azarkeşini haqq dünyasına yol salıblar. Azərbaycan tribunasının dayısı Səbiskar qəbiristanlığında dəfn edilib.
Azad Rəfi
- Baxış: 1586