• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1408
— 30.05.2019 19:18

Gəncədə saxta qaz təsərrüfatı işçisi peyda olub

KepezTV Player

Göygöl sakini Gəncə şəhərində dələduzluq edib. Özünü qaz təsərrüfatı işçisi kimi təqdim edən şəxs vətəndaşların etimadından sui istifadə edib. Daha dəqiq desək, quraşdırılan sayğaclarda texniki nasazlığın aradan qaldırılması ilə bağlı abonentlərdən müəyyən məbləğdə pul alıb. “Qəhrəman” növbəti çirkin əməlini həyata keçirirəkən iş başında saxlanıb.

Gəncə şəhərində saxta qaz təsərrüfatı işçisinin peyda olması barədə məlumat yerli polis əməkdaşlarını hərəkətə keçirib. Kəpəz rayon polis İdarəsi əməkdaşlarının apardıqları axtarış tədbirləri nəticəsində həmin şəxsin əvvəllər müxtəlif maddələrlə məhkumluq həyatı yaşayan Göygöl rayon sakini 28 yaşlı Rəfail Əsgərov olması müəyən edilib. Araşdırmalar zamanı o da məlum olub ki, Rəfail Əsgərov  özü üçün saxta ad müəyyən seçib və bu adla xüsusi vəsiqə düzəldib. Sözügedən vəsiqə ilə müxtəlif ünvanalarda sayğaclara baxış keçirən Əsgərov cihazın sıradan çıxdığını bəhanə gətirərək vətəndaşlardan 10 manat pul alıb.

Rəfail əsgərov saxlanılan şəxs: Gedirdim evlərə özümü Azəriqazın işçisi kimi təqdim edirdim. Evlərə gedəndən sonra deyirdim sizin sayğacınızın daşında problem var. Onu yoxlayardım, ev sahiblərindən pul alırdım. Məndən vəsiqə istəyəndə də düzəltdirdiyim vəsiqəni göstərirdim.

Rəfail Əsgərovun hazırda Gəncə Rayonlararası Ruhi Əsəb Dispanserində xəstə kimi qeydiyyatda olduğu da üzə çıxıb. Gəncə Regional Qaz İstismar İdarəsinin rəsmiləri abonentləri diqqətli olmağa çağırır.

Azər Bayramov Gəncə Regional Qaz İstismar idarəsinin baş mühəndisi: Vətəndaşların nəzərinə çatdırmaq istəyirəm ki, sayğaclara texniki baxış və onların əvəzlənməsi rüsum ödənilmədən Azəriqaz İstehsalat Birliyi tərəfindən həyata keçirilir. Digər xidmətlər isə Asan Xidmət mərkəzləri tərəfindən yenə də pulsuz aparılır.

Rəfail Əsgərovun əməlindən zərər çəkən şəxslərdən Kəpəz rayon Polis İdarəsinə, yaxud Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.

Natiq Hüseyn