• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 27.05.2019 18:59

Canavar hücumlarının sayı azalıb

KepezTV Player

Vəhşi yırtıcıların kəndlərdə heyvandarlıq təsərrüfatlarına hücumlarının qarşısını almaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerlərdə yaradılan müdafiə qrupları öz effektini verir. Hücumların intensiv olduğu Goranboy, Samux və Daşkəsəndə son bir ayda canavarların mal-qaraya hücumuna rast gəlinməməsi belə deməyə əsas verir.

ilin geridə qalan 4 ayı ərzində Goranboy, Samux və Daşksəndə canavarların kəndlərə hücumu nəticəsində müxtəlif vətəndaşlara məxsus 20-ə yaxın xırda buynuzlu heyvan tələf olub. Təsərrüfat sahiblərinin çoxsaylı müraciəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəndlərdə peşəkar ovçulardan ibarət yırtıcıların ərazidən uzaqlaşdırılması və saylarının tənzimlənməsi üçün müdafiə qrupları yaradıb. Peşəkər ovçuların sayıqlığı nəticəsində təsərrüfatların təhlükəsizliyi təmin edilib.

Rauf Ələsgərov - Samux sakini: Kənddə ovçular qrupu taradılıb. Əvvəllər mal-qaraya hücum edirdi canavarlar, indi onun qarşısını alıblar tamamilə. Artıq heç bir təsərrüfata, heyvandarlığa xəsarət yetirilmir, istədikləri kimi qarşısını alırlar.

Yerlərdə 5 nəfərdən ibarət yaradılan ovcu qrupları qoruduqları ərazidə növbəli şəkildə 24 saat müşahidə aparırlar.

Vüqar Quliyev - peşəkar ovçu: Bizə məlumat verəndə ki, rayona canavarlar hücum eliyib, dəstəmizlə dərhal fəaliyyətə keçirik. Ov itlərini buraxırıq canavarlara tərəf ki, onları geri çəkilməyə məcbur edək. Ekologiya nazirliyi icazə verdikdə bəzən canavarları öldürürük. Əlbəttə ki, biz bilirik canavarları öldürmək qadağandır. Yalnız icazə əsasında zərurət yarandığı halda öldürürük.

Ərazidəki mövcud vəziyyətlə əlaqədar regional ekologiya idarəsi gündəlik olaraq məlumatlandırılır.

Natiq Bayramov - 10 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri: Tərəfimizdən yaradılmış ovçular qrupu ilə mütəmadi əlaqə saxlayırıq. Bununla bağlı kənd icra nümayəndələri tez-tez ərazidə olan hadisələrlə bağlı bizə məlumat verir. Biz onlara göstəriş vermişik ki, ərazilər 24 saat nəzarətdə saxlanılsın.

Mühafizə tədbirləri məqsədilə yaradılan qrupların daimi fəaliyyət göstərməsi planlaşdırılır.