Karyerasını Moldovada davam etdirən Gəncə basketbol məktəbinin yetirməsi Amil Həmzəyev növbəti uğura imza atıb. 29 yaşlı mərkəz oyunçusunun şərəfini qoruduğu “Rıbnitsa” klubu ölkə çempionatının bürünc medallarını qazanıb. Həmzəyevin komandası 3-cü yer uğrunda seriyanın 5-ci oyununda tibb universitetini təmsil edən kollektivə qalib gəlib. “Ribnitsa” ötən çempionatda da anoloji nəticəyə imza atıb, bu mövsüm isə bürünc mükafatlarla yanaşı, ölkə kubokunu da qazanıb. 2019-ci ilin əvvəlindən Moldovada oynayan Amilin hazırda klubla müqavilə sona çatır. Bununla belə, razılaşmaya əsasən, yığmamızın üzvü avrokubok matçlarında komandaya kömək edəcək. Xatırladaq ki, “Rıbnitsa” Həmzəyevin karyerasında ikinci xarici klubdur. 2016-ci ildən legioner həyatı yaşamağa başlayan basketbolçu iki il yarım müddətində Ukraynada “Kremen”in uğurları üçün çalışıb. O, Kremençuk komandasının heyətində Ukrayna çempionatının Super Liqasında və aşağı dəstəsində oynayıb.
Azad Rəfi
- Baxış: 1116