Gəncədə İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb. Müqəddəs “Qurani-Kərim”dən ayələr və duaların oxunması ilə başlayan mərasimdə respublikamızda dövlət və dinin bir-birindən ayrı olsa da, Azərbaycanın İslam dininə, İslam mədəniyyətinə mənsub bir ölkə olduğu vurğulanıb. Ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazanın digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edildiyinə diqqət çəkilib. Azərbaycanda həmrəylik və sabitliyin hökm sürdüyündən, ölkəmizdə dini məbədlərin təmir və bərpası, islami və milli-mənəvi dəyərlərin qorunması istiqamətində görülən işlərdən bəhs edilib, Azərbaycanın dünya ölkələri üçün tolerantlıq nümunəsi olduğu vurğulanıb. İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub. Gəncədə açılan iftar süfrəsində 600-dən artıq şəhər sakini iştirak edib.
- Baxış: 613