• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 881
— 25.05.2019 20:39

Sərbəst güləşçilərin Göygöl təlim-məşq toplanışı davam edir

KepezTV Player

Pəhləvanlar Olimpiya İdman Kompleksində gündə 3 dəfə məşqə çıxırlar.
Mayın 15-dən başlayan hazırlıq prosesində yığma üzvləri məşqçilər korpusunun tapşırığına əsasən səhər və gündüz fiziki, axşam taktiki-texniki hazırlıq üzərində çalışırlar. Toplanış gələn ay Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır.

Saypulla Absaidov - yığmanın baş məşqçisi: “Düşünürəm ki, hər şey normal olacaq. Bura toplanış üçün cəmi 16 güləşçi gətirmişik. Pəhləvanların hamısı bu gün üçün mübarizə apardıqları çəki dərəcələrində yığmanın liderləridir. Bu güləşçilərlə işləmək çox rahatdır. Belə deyək, birbaşa fərdi olaraq onlarla çalışırıq. Ümumilikdə götürsək, hazılığımız plan üzrə qaydasında gedir”.

Yığmanın Göygöl toplanışına uzun müddətdir ki, yarışlarda görünməyən olimpiya çempionu Toğrul Əsgərov da qatılıb. Yığmanın liderlərdən biri olan Gəncə güləş məktəbinin yetirməsi məşqlərdə əzmlə çalışır.

Saypulla Absaidov - yığmanın baş məşqçisi: “Bilirsiz ki, Toğrul Əsgərov bizim əfsanəmizdir. Çox istedadlı oğlandır. Hələ gənc yaşdadır, karyerası irəlidədir. Fizioloji olaraq onun hələ bir neçə olimpiadada iştirak edib nəticələr qazanmaq üçün yaxşı imkanları var. Sağlamlığı ilə bağlı müəyyən problemləri olduğu üçün bir müddət kənarda qalmalı oldu. Amma ilin əvvəlindən plan üzrə məşq edir, yığmanın heyətində yer alır. Hamımızın ona ümidləri böyükdür”.  

Sərbəst güləşçilərin hazırlığı mayın 30-na kimi davam edəcək.

Azad Rəfi