• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 6972
— 23.05.2019 20:34

Vəli Qasımov: “Gəncə futbolunun diqqətə ehtiyacı var”

KepezTV Player

Gəncə futbolu hər zaman öz ənənəsi, dəsti-xətti ilə seçilib. Ölkə futboluna bir sıra tanınmış simalar bəxş edən bu şəhərin layiqli yetirmələrindən biri də Vəli Qasımovdu. UEFA Avroqa liqasının final oyununun azərbaycanlı səfiri bir neçə gün öncə Gəncədə olub. Turnirin kubokunun təbliğatı məqsədilə Nizami yurduna təşrif buyuran əfsanəvi oyunçu Gəncə futbolu haqda televiziyamıza fikirlərini bölüşüb. “Kəpəz”in adına yaraşmayan vəziyyətdə olduğunu bildirən Vəli Qasımov bu il 60 yaşı tamam olacaq klubu təbrik edərək Gəncə futbolunun daha çox diqqətə ehtiyac duyduğunu deyib.

Vəli Qasımov – veteran futbolçu: “Birincisi təbrik eləmək istəyirəm. Düzdü hazırda Gəncə komandası istədiyimiz vəziyyət deyil. Amma Gəncə məktəbi həmişə güclü olub. Bu şəhərə daha da diqqət lazımdır. Hamıya məlumdur ki, meydançaların çoxu yaxşı vəziyyətdə deyil. Məncə burada futbola maraq çoxdur. Bu şəhərdən hər zaman böyük futbolçular çıxıb. Məncə diqqət olsa daha yaxşı futbolçular yetirəşər.”

Gəncə futbolu üçün əlindən gələni etməyə hazır olduğunu söyləyən 51 yaşlı mütəxəssis, komandanın şəraiti yaxşılaşandan sonra yenidən öz əzəmətini geri qaytacağına inandığını bildirib.

Vəli Qasımov – veteran futbolçu: “Mənim ürəyimin bir tərəfi Gəncədədi. Bu gün adamın hayıfı gəlir ki, gəncə bu vəziyyətdədir. İstəyərdim ki, bura gəlib nə kömək lazımdısa edim və Gəncə futbolunu yenidən dirçəldim. Gəncə futbolu həmişə yaxşı mənada fərqlənib. İndi həmin durumda olmasa da, mən inanıram ki, Gəncə komandasının bir az şəraiti olsa, gələcəkdə əvvəlki əzəmətinə qayıdar.”

Vəli Qasımov vaxtilə bir sıra Avropa ölkələrində legioner həyatı yaşayıb. O,  Rusiya, İspaniya və Portuqaliyanın tanınmış klublarının şərəfini qoruyub.

Orxan Cəfərzadə