• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1315
— 20.05.2019 16:15

Aqrar Kredit və İnkişaf Agentliyi 6 regionda kənd təsərrüfatı texnikası yarmarkasına başladı

KepezTV Player

Fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi bu gündən ölkənin 6 regionunda texnika yarmarkasına başlanılıb. İlk belə yarmarka Şəmkirdə baş tutub. Yarmarkada 20-dən artıq texnika təchizatçısı ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsullarını təsərrüfat sahiblərinə və fermerlərə təqdim ediblər. Yarmarkanı labüd edən səbəb Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edən fermerlərin bu və ya digər texnikanı hansı təchizatçıdan ala biləcəkləri barədə suallar olub. Hər hansı təchizatçıya fermer və ya sahibkarı yönəltməyi liberal bazar qanunlarına zidd sayan dövlət qurumu bu yarmarkalar vasitəsilə fermerlərin özlərinin təchizatçıları tapmasına şərait yaradıb. Kredit, sığorta və lizinq şirkətlərinin də yarmarkada iştirakı fermerlərə kənd təsərrüfatı texnikalarını özlərinə sərf edən şəkildə əldə etmək üsullarını öyrənməyə yardım göstərəcək. Regionlarda təşkil edilən yarmarkaların məqsədi uzaq məsafələrə getmək imkanı və vaxtı olmayan kiçik və orta sahibkarları təchizatçılar, texnikalar və onların satışını rəsmiləşdirən bank, lizinq və sığorta şirkətləri barədə məlumatlandırmaqdır.

Mirzə Əliyev - Aqrar Kredit və İnkişaf Agentliyinin sədri: Biz istərdik ki, bu yarmarkada iştirak edən təchizatçıların sayı fermerləri qane edəcək qədər çox olsun. Çünki bazar nə qədər çeşidli olarsa, rəqabət mühiti o qədər sağlam olar.