Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığması təlim-məşq toplanışına başlayıb. Millimiz növbəti hazırlıq prosesini Göygöldə keçir.
Yerli Olimpiya İdman Kompleksində reallaşan toplanış 2 həftə davam edəcək. Gündə 3 dəfə məşq edən yığma üzvləri əsasən fiziki yöndə hazırlaşırlar. Məşq prosesinə millinin liderlərdən biri olan olimpiya, dünya və avropa çempionu Şərif Şərifovdan başqa bütün aparıcı güləşçilər qatılıb. Həmçinin məşqlərdə uzun müddətdir ki, yarışlarda görünməyən olimpiya çempionu Toğrul Əsgərov da iştirak edir. Təlim-məşq toplanışı 25-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır.
Saypulla Absaidov - yığmanın baş məşqçisi - Bu, əsasən funksional hazırlıqdır. Toplanışın növbəti mərhələsidir. Bütün diqqətimiz Minskdə keçiriləcək Avropa Oyunlarına yönəlib və hazırlıq prosesimiz də buna hesablanıb. Göygöl olimpiya kompleksini yaxşı tanıyırıq və bura həmişə böyük məmnuniyyətlə gəlirik. Əvvəllər də burda olmuşuq. 3 il öncə Rio Olimpiya Oyunları üçün Göygöldə məşq edib, yaxşı hazırlaşıb nəticələr vermişdik. Ətraf dağlardı, iqlim yaxşıdır, təbii şərait ürəyimcədir, həmçinin qidalanma, kompleksin imkanları bizi tam qane edir.
Müxtəlif çəkilərdə 15 güləşçinin yer aldığı yığmanın Göygöl hazırlıq mərhələsi mayın 30-da başa çatacaq.
Orxan Cəfərzadə
- Baxış: 573