Şəmkirçay sutəmizləyici qurğusu yaxın aylarda istismara veriləcək. Ümumi su tutumu 165 milyon kubmetr olan anbarın yaxınlığında məhsuldarlığı sutkada 140 min və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğu tikilib. Kompleksdə hər birinin tutumu 2500 kubmetr olan 3 ədəd su anbarı, anbarların idarəetmə otağı, xlorator qurğusu, elektrik yarımstansiyası inşa edilib, ehtiyat generator alınaraq ərazidə quraşdırılıb. Hazırda qurğuda emal avadanlıqlarının quraşdırılması işləri aparılır.
Qurğunun su təminatı Şəmkirçay su anbarından ayrılan suvarma kanalı hesabına aparılacaq və artıq kanaldan suyun götürülməsi üçün daşıyıcı xətlər tikilib.Şəmkirçay sutəmizləyici qurğusu istismara verildikdən sonra bu mənbədən Gəncə şəhərinə saniyədə 1141 litr, Şəmkir şəhərinə 187 litr, Samux şəhərinə 85 litr, kəndlərə isə 50 litr içməli su veriləcək.
Şəmkirçay sutəmizləyici qurğusundan Gəncə şəhərinə suyun verilməsini təmin etmək üçün 27,5 km magistral su kəməri tikilib, bu kəmərdən Samux şəhəri və rayonun bəzi kəndlərinə, eləcə də Göygöl rayonunun bir sıra kəndlərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çıxışlar verilib.Eyni zamanda qurğudan Şəmkir şəhərinədək 16,5 kilometr magistral su kəməri tikilərək şəhər şəbəkəsinə birləşdirilib.
Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğu 300 mindən artıq insanı keyfiyyətli və fasiləsiz içməli su təmin edəcək.
- Baxış: 643