• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2318
— 15.05.2019 16:53

45 illik evlilik...

KepezTV Player

Dünyada baş verən qlobal proseslər, demoqrafik tendensiyalar sözsüz ki, ailə strukturuna da təsirsiz ötüşməyib. Bununla belə BMT əvvəllər olduğu kimi, indi də ailəni cəmiyyətin özəyi hesab edir. Heç təsadüfi deyil ki, bu gün, yəni 15 may tarixi dünya miqyasında məhz Beynəlxalq Ailə Günü kimi qeyd olunur.

“Səninlə danışıb, gülməkdən ötrü, şirini, acını bölməkdən ötrü, səninlə yaşayıb ölməkdən ötrü, məni səvi sevərdim, səni seçərdim”. Həmsöhbətimiz Ələddin Qurbanlı yazdığı şeirlərin birində 45 illik ömür-gün yoldaşı Zərnigar xanıma öz sevgisini məhz bu cür bəyan edir.

Ələddin Qurbanlı - Gəncə sakini: "Bir arıq oğlandım, həm də qap-qara. İncə gözəl hara? Ələddin hara? Qızlı tellərdən çəkildim dara. Ağ buxaq üstündə xala vuruldum. Bu bir az şair bənzətməsidir. Amma əslində mən ağla, kamala, hərəkətə, mənəviyyata bənd olmuşdum”.

4 il tanıdığı tələbə yoldaşını özünə həyat yoldaşı, həmdəm seçən Ələddin bəy ilk vaxtlar ümidsiz olsa da, səbr edib, sonunda niyyətinə hasil olub. Elə Zərnigar xanım da seçimində yanılmadığı üçün bugünədək sevinclidir. O arzusunda olduğu həyatı yaşatdığı üçün ömür-gün yoldaşına bu gün də minnətdardır.

Zərnigar Namazova - Gəncə sakini: “Ailə mənim kiçik qalamdır. O qalanı fəth etməyi başqasına qoymaq lazım deyil. Həmin qalanın fəth edən Ələddin bəydirsə, o qalanın xanımı da mənəm. Biz bir olmasaq o qalanı qoruya bilmərik. Kiçik ocağı, dünyanı bəzəyən isə gülə bənzər balalarımızdır”.

Ələddin Qurbanlı - Gəncə sakini: “Ailə bir gəmidirsə, bu gəminin kapitanını mən qadın hesab edirəm. Kişilər məndən inciməsin. Fikrimcə, ailədə əsas işi yerinə yetirən məncə qadındır, 60% iş onun üzərinə düşür. Qadın ağıllı, zirək olarsa, o ailənin təməli möhkəm olar”.

45 ilin evliləri ailə münasibətlərində düzgün hesab edilməyən məqamlara toxunub, uzunömürlü ailə həyatının sirrlərindən bəhs etdilər.

Ələddin Qurbanlı - 45 ilin evlisi: “Qadına ev qadını kimi baxmaq düzgün deyil. Mən qadın işləməz deyənlərlə razılaşmıram. Məncə, qadın işləməzsə, evdə oturarsa, o artıq mətbəx qadını olar. Bu gün evdən çıxmaz düşünər ki, əşi sabah saçımı darayaram, belə geyinərəm. Hara gedirəm ki? Amma işləyənq adınlar səhər tezdən özünə əl gəzdirər, fikir verər. Deməli, qadın yalnız bu halda öz təravətini, gözəlliyi saxlayar”.

Zərnigar Namazova - 45 ilin evlisi: “Biz yalnız yaxşılıqları yaşadırıq. Yaxşılıq eləməklə qəlbimiz döyünür. Bax elə buna tapınmışıq. Bağışlamaq... Ailədə insanlar bir-birini bağışlamasa, güzəştə getməyi bacarmasa o ailə uzunömürlü ola bilməz. Düzdü, kişilər bizdən fiziki cəhətdən güclü yaranıb. Ancaq qadınlar hər şeydə onlara güzəştə getməlidir. Bütün həyatını bizə fəda edən kişiləri necə ucuz tutmaq olar?! Ey gözəl cavanlar, evlilikdən qorxmayın. Çətinliklərdən qorxmayın, mübariz olun. Allah doğru yolda olanları ucaldacaq, sizə gec-tez övlad da, ruzi də verəcək”.

Hazırda cütlüyün 5 uşağı və 11 nəvəsi var. Ailə başçıları bu gün də bir-birilərinə ilk günkü kimi hörmətlə yanaşır, güzəşt edir, xoş sözlərini heç zaman bir-birlərindən əsirgəmirlər. Bəlkə də elə budur, onları uzunömürlü, xoşbəxt ailə sahibi edən...