Futbol üzrə Azərbaycan I Divizionunda 25-ci tur oyunları reallaşıb. Tur çərçivəsində “Kəpəz” bu mövsüm doğma meydanda son görüşünü “Ağsu”ya qarşı keçirib.
Çempionatın Gəncədəki son oyununda azarkeşləri qələbə ilə sevindirmək niyyətində ciddi olan “sarı-göylər” qarşılaşmaya fəal start veriblər. Rəqibi müdafiə olunmağa məcbur edən ev sahibləri arzulanan qolları ilk yarının sonlarına yaxın vurublar. Əvvəlcə ilk yarımsaatın tamamında Oqtay Məmmədov hesabı komandasının xeyrinə dəyişib. Bu qoldan 5 dəqiqə sonra qonaqlar ikinci topu qapısında görüb. Bu dəfə gəncəlilərin kapitanı Əli Səmədov başla fərqlənib.
Qola doymayan “Kəpəz” fasiləyədək rəqibi daha 1 dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. İlk dəfə əsas heyətdə meydana çıxan Oqtay Məmmədov özünün ikinci komandasının 3-cü qoluna imza atıb.
İkinci hissədə tədricən özünə gələn Ağsu futbolçuları epizodların birində hesab arasındakı fərqi azaltmaq imkanı qazanıblar. FİFA referi qolkiperin kobud oyununa görə ev sahiblərinin qapısına penalti təyin edib. Amma Pilağa Mehtiyev zərbəni dəqiq yerinə yetirə bilməyib. Bununla belə qonaqlar 64-cü dəqiqədə Nicat Əhmədovun qolu sayəsində buraxılan toplardan birinin əvəzini çıxıb. Oyunda yekun hesabı isə Ümid Səmədov müəyyənləşdirib. Əsas vaxta əlavə olunan 3-cü artırma dəqiqəsində hakim “Kəpəz” kapitanına qarşı qayda pozuntusu qeydə alaraq ağ nöqtəni göstərib. Qardaşının qazandığı 11 metrliyi vurmaq üçün topun arxasına keçən 16 yaşlı Səmədov qapıçıya zərbəni dəf etmək üçün ümid yeri qoymayıb və “Kəpəz”in 4:1 hesablı qələbəsinə töhfəsini verib.
Bu qələbə ilə balansına 3 xal yazan “Kəpəz” turnir cədvəlində 22 xalla 11-ci pillədəki mövqeyini möhkəmləndirib.
Azad Rəfi
- Baxış: 911