Gəncə cüdoçuları azyaşlı yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində uğurla iştirak ediblər. 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri yarışda 4 medal qazanıblar.
Bakıda reallaşan birincilikdə məktəbin cüdoçuları həm qızlar, həm də oğlanlar arasında fərqləniblər. Zəriflərin mübarizəsində Kəmalə Əliyeva gümüş medala layiq görülüb. Güclü cinsin nümayəndələrinin yarışında isə Murad Fətullayev 34 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək baş mükafata sahib olub. İbrahim Əliyev fəxri kürsünün 2-ci, Sülhan Əliyev isə 3-cü pilləsinə yüksəlib.
Murad Fətullayev Azərbaycan birinciliyindən əvvəl zona yarışının qalibi olub. Məşqçi Hüseyn Allahverdiyev yetirməsinin respublika birinciliyində texnikalı güləşdiyini bildirib.
Respublika birinciliyində müxtəlif bölgələrdən olan 464 cüdoçu mübarizə aparıb. 3 gün davam edən ölkə birinciliyində 66 klub və idman məktəbinin yetirməsi medallar uğrunda yarışıb.
Azad Rəfi
- Baxış: 1022