• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 954
— 03.05.2019 18:45

Xaricdə tətil istəyənlər minimum 300 manatdan keçməlidirlər

KepezTV Player

Son illər müxtəlif ölkələrə səyahət etməyə maraq, buna münasib olaraq da xaricə gedənlərin sayı xeyli artıb. Xüsusən yay tətilini ölkədən kənarda keçirmək istəyənlərin sayı çoxdur. Bəs, hansı ölkəyə, nə qədər büdcəylə və neçə günlük getmək olar? Əməkdaşımız Nazənin Zaman istirahət mövsümünün yaxınlaşdığını nəzərə alıb bu suala cavab axtarıb. Əminik, sizə də maraqlıdır.

İstirahət hamı üçün vacibdir. Xüsusən də bütün mövsüm boyu yaxşıca işləyib, əməllicə yorulanlar, istər zehni, istərsə də fiziki əməyin yorğunluğunu atmaq istəyənlər üçün mütləqdir. O ki, qaldı seçimə...

Ruslan Musayev - turizm şirkətinin rəhbəri: “Azərbaycandan turtistlərimizin gedə biləcəyi bütün istiqamətlərə səfərlərimiz var. İnsanlar əsasən, Türkiyənin çimərlik bölgələri, Avropanın çimərlik və dağətəyi bölgələrinə üz tutulur. Ən ucuz turpaketlər qonşu ölkələrdən biri olan Gürcüstanadır. Avtobus turlarıdır, həmin ölkəyə maraq çoxdur. Ən bahalı istirahət Amerika qitəsinə nəzərdə tutulan turlardır. Xüsusilə, Kuba turlarına maraq çoxdur. O istiqamətdə qiymətlər Avropaya nisbətdə daha bahadır”.

Turizm şirkətləri Amerikaya 1 həftə olmaqla, 2 nəfərlik istirahəti planlaşdıranlar üçün 2000 dollardan başlayan qiymətlərlə turpaket təklif edir. Müvafiq olaraq, 7 gün ərzində istənilən Avropa ölkəsinə səyahət etmək istəyənlər 1500, Türkiyənin çimərlik bölgələrinə üz tutanlar isə minimum 2000 manatlarından keçməlidirlər. Ən ucuz turpaketlərə gəlincə isə, siyahıda daha məqbul təklif 150-200 dollar arası ödəniş etməklə reallaşan 1 həftəlik Gürcüstan turudur.

Elşən Tağıyev - turizm şirkətinin rəhbəri: “Mövsümlə əlaqədar olaraq, qiymətlərdə artım ola bilər. Misalçün hazırda bizim tur şirkətlə Türkiyəyə səyahət 300-400 manat aralığında dəyişirsə, mövsümündə qiymətin 700-800 manatadək artacağı ehtimal olunur”.

Turizm şirkətləri nümayəndələrinin sözlərinə görə, qardaş ölkə Türkiyəyə yüksək təlabat dil amili ilə əlaqədardır.

Ruslan Musayev - turizm şirkətinin rəhbəri: “Qiymətə hansı xidmətlərin daxil olması səyahət olunan ölkəyə görə dəyişir. Məsələn, Türkiyənin çimərlik bölgəsinə istirahət edərkən gündə 3 dəfə qidalanma, hava limanında qarşılama kimi xidmətlər daxildir. Bu səbəbdən də qiymətlər yüksəkdir.

Ötən illərlə müqayisədə bu il Avropa ölkələrinə getmək istəyənlərin də sayı artıb. Ekspertlər birmənalı olaraq, erkən rezervasiyanı tövsiyə edirlər. İstirahət mövsümündən əvvəl təklif olunan turpaketləri dəyərləndirmək daha sərfəlidir. Çünki həmin ərəfədə qiymətlər daha ucuz və münasib olur.

Harada və necə istirahət etmək təbii ki, hər kəsin arzularından və imkanlarından asılıdır. Sizə arzularınızla imkanlarınızın üst-üstə düşməsini diləyirik.