Bir dost o birinə deyir ki, - “mən heç vaxt yalan danışmamışam”. Dostu da cavab verir ki, - “yalan danışma”. Bəli, əgər siz bu dünyada yaşayırsınızsa və adınız müqəddəslər siyahısında yoxdursa, deməli nə vaxtsa, mütləq yalan danışmısınız. Uşaqların da qətiyyən yalan danışmayacağını gözləmək sadəlövhlük olardı. Amma əgər bu, müntəzəm olaraq və tez-tez təkrarlanırsa narahat olmağa dəyər.. Mütəxəssislər xəbərdarlıq edirlər...
Bəzi valideynlər özləri müəyyən situasiyalarda uşaqlara yalan danışmağı öyrədir. Bir müddət sonra isə övladlarının yalan danışmağından gileylənirlər. Görəsən günahkar kimdir? Və bu zərərli vərdişin gələcəkdə hansı nəticələri ola bilər? Bu suallara cavab axtaracağıq.
Ekspertlər bildirirlər ki, yalan kim tərəfindən söylənilməsindən asılı olmayaraq, məqsədli atılan addımdır. Bir yalanın deyilməsi üçün məqsəd və səbəb olmalıdır. Əslində problemin kökünü də məhz həmin səbəbdə axtarmaq lazımdır. Zərərli vərdişin təməlinin uşaqlıqdan qoyulduğunu nəzərə alıb, bu sualla psixoloqa müraciət etdik. Azyaşlıları davamlı olaraq yalan danışmağa nə vadar edir?
Günel Paşayeva - psixoloq: “Güvənsizlik. Bu valideyn, müəllim və ya ətrafında olan insanlara qarşı ola bilər. Tutaq ki, evdə nəsə bir əşya sınır, hadisə baş verir. Amma uşaq gəlib bunu başqa formada danışır. Sırf özlərinə xeyir edə biləcək formada danışırlar ki, mənim bu məsələdə yaxşı idim, təqsirim yox idi”.
Əfsuslar olsun ki, bəzi hallarda valideynlər bilərəkdən özləri də uşaqları yalan danışmağa təhrik edirlər. Sonradan isə onlar vaxtilə təkrarladaraq öyrətdikləri zərərli vərdişin qarşısını almaqda çətinlik çəkirlər. Elə bu səbəbdən də məsələdə azyaşlılar qədər valideynlər də diqqətli olmalı, öz davranışlarını təhlil etməlidirlər.
Dilbər Hüseynova - ziyalı: “Övladların düzgün, dürüst olmağı ilk növbədə valideyndən asılıdır. Valideynlər uşağın yanında heç vaxt yalan danışmamalıdır, başqasının haqqında nəsə danışmamalıdır, onların yanında problem həll etməməlidir. Çünki o problemlər böyük səs-küyə səbəb ola bilər, bu isə uşaqların əqidəsinə, tərbiyəsinə mənfi təsir edə bilər”.
Psixoloqlar xəbərdarlıq edirlər. Uşağa yalan danışmağı qadağa qoymaq, onu cəzalandırmaq kimi sərt reaksiyalar yerinə, “diqqət” göstərmək daha məqsədəuyğundur. Çünki yalan danışmaq vərdişi zamanla azyaşlının həyatda uğur qazanmasına mənfi təsir edəcək, ətrafdakı insanlarla münasibətinin korlanmasına gətirib çıxacaq.
Günel Paşayeva - psixoloq: “Doğrunun yaxşı bir şey olduğunu aşılamaq lazımdır. Bu halda təbii ki, zamanla yalan danışmağı tərgidə bilərik. Yox, artıq biz valideyn olaraq, öhdəsindən gələ bilmiriksə, mütəxəssisə müraciət etmək daha doğru olar. Çünki mütəxəssis həm valideyn, həm də azyaşlı ilə çalışacaq. Nəticədə problem daha tez həll olunacaq”.
Dilbər Hüseynova - ziyalı: “Uşağın gələcəyi yalanla qurularsa, bu bir dəhşətdir. Uşaq ömrü boyu həqiqətlə yaşasa, həm valideynlərinə, ailələrinə,, həm də cəmiyyətə xeyri olar. Yalan insanı gözdən-nəzərdən salar. İnsanın hər-hansı mövzuda yalan danışmağı birbaşa özünün həyatına yox deməkdir”.)) ((K/A)) Yalan ayaq tutar, yeriməz. Atalar bu cür deyib. Lakin yalan alışqanlıq halı aldıqda vəziyyət qəlizləşir. Elə bu səbəbdən də daha yaxşı olar ki, yalan danışmaq vərdiş halına çevrilməmiş onu ortaya çıxaran səbəblər tapılsın və vaxtında həll edilsin.
- Baxış: 322