Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri Gəncədə “Yaşıl şəhər” layihəsi ətrafında müzakirələr aparıb. Potensial əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən atılan bir sıra addımlar barədə məlumat verilib. Nizami yurduna Belarusiya istehsalı olan “Elektrobus”ların gətirilməsi istiqamətində danışıqların aparılması, həmçinin Gəncənin gecə işıqlandırılması sistemi yenidən qurularaq enerjiyə 40 faizədək qənaətin təmin edilməsi buna misal olaraq çəkilib. “Yaşıl şəhər”in olduqca faydalı layihə olduğu və bu sahədə əməkdaşlığın mümkünlüyü vurğulanıb. Əsas hədəf isə şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaqdır.
İvana Duarte - Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı ofisinin rəhbəri: Avropa Yenidənqurma və İnkişaf Bankı Avropanın 20-dən çox şəhəri ilə qeyd olunan layihə çərçivəsində əməkdaşlıq edir. Gəncəni də bu şəhərlərin sırasına daxil etmək istəyirik. Proqram çərçivəsində biz şəhər üçün xüsusi əhəmiyyət daşıyan bir neçə sahədə əməkdaşlıq etməyi düşünürük. Bura ictimai nəqliyyatın yenilənməsi, məişət tullantılarının utulizasiyası, gecə işıqlandırılması sisteminin yenilənməsi, suyunun keyfiyyətinin yaxşılaşdırılması və digər sahələr daxildir. Bütün bu işlər əvvəlcədən hazırlanacaq olan hərəkət planına uyğun şəkildə həyata keçiriləcək.
- Baxış: 1283