Bu il qış fəslinin mülayim, temperaturun iqlim normasından yüksək keçməsi kənd təsərrüfatının digər sahələri kimi arıçılığa da təsirsiz ötüşməyib. Arıların ən güclü inkişaf dövrünün mart və aprel ayına təsadüf etdiyini bildirən fermərlər, ötən illə müqayisədə bu il arı ailələrində güc fərqinin müşahidə olunduğunu da deyirlər. Proqnozlara görə bu amil məhsuldarlığın azalmasına, nəticə etibarı ilə arı məhsullarının qiymətinin artmasına gətirib çıxaracaq.
İlqar Rəhimov - Azərbaycan Arıçılar Assosiasiyasının üzvü: “Havaların soyuq keçməsi, yağıntıların yağması arıların bu ilki inkişafını ləngitdi. Ləngiyən, yaxşı inkişaf etməyən arılar, kifayət qədər gücü olmayan arılar məhsulu az yığırlar”.
Bir həftə əvvələ qədər müşahidə olunan soyuq hava şəraiti, intensiv yağışlar da arıların inkişafını ləngidən səbəblərdəndir. Havaların qeyri-sabit keçməsinin bu ilki məhsuldarlıqla yanaşı qiymətə də təsiri istisna olunmur. Təsərrüfat sahibləri bildirir ki, min bir əziyyət, zəhmətlə hasil olunan balın kiloqramında bu il 1-3 manat arası qiymət artımı müşahidə oluna bilər.
İlqar Rəhimov - Azərbaycan Arıçılar Assosiasiyasının üzvü: “Hazırda təzə məhsul yoxdur, arıçıların anbarında olan keçən ildən qalan məhsullardır. Balın qiymətləri Azərbaycanda əsasən, 20-30, topdan satış qiymətləri isə 12-15 manat civarında dəyişir”.)) ((K/A)) Aydın məsələdir ki, havanın stabil keçməməsi ən populyar arı məhsulu olan balın keyfiyyətinə də müəyyən qədər təsir edir. Yağış və dəyişkən temperatur yeni açan çiçəkləri çürüdür və ondan alınan balın tərkibinin zəngin olmamasına gətirib çıxarır. Amma hər bir halda, düzgün qulluq qaydalarına əməl etməklə, nəticəni yüksəltmək mümkündür.
İlqar Rəhimov - Azərbaycan Arıçılar Assosiasiyasının üzvü: “Düzgün qulluq qaydalarıdır, yeşiklərdən artıq çərçivələr götürülməsidir, istiliyin verilməsi, nəm və rütubətdən arıların qorunmasıdır. Əsasən, gənənin törətdiyi xəstəliklər var ki, bunun qarşısı vaxtdan alınarsa arıların inkişafının ləngiməsinin qarşısını nisbətən ala bilərik”.
Təsərrüfat sahiblərinin sözlərinə görə, bu il ilk bal süzümü iyun ayının ikinci ongünlüyünə təsadüf edəcək. Bundan sonra arıçılar arı ailələrini öncə aran, sonra isə dağlıq ərazilərə aparacaqlar.
- Baxış: 1128