Azərbaycan Ordusunun qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu Fərrux Məmmədovun dəfn mərasimi keçirilib. Şəhid əsgər Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Vətən uğrunda canından keçən 27 yaşlı Daşkəsən sakini, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlunun dəfnində izdiham müşahidə edilib. Mərasimdə Rayon İcra Hakimiyyətinin rəsmləri, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüksək rütbəli zabitləri, əsgərin hərbi xidmət yoldaşları, eləcə də ictimaiyyət nüməyəndələri iştirak ediblər. Çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu diqqətə çatdırıblar. Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmayacağına əminlik ifadə olunub.
Nəriman Məmmədov şəhidin əmisi: Mən bütün şəhidlərə rəhmət diləyirəm. Allah bütün şəhidlərə rəhmət etsin. Vətən sağ olsun. Bütün burada iştirak edənlərə icra nümayədələrinə çox sağ olun deyirəm.
Əsgər Fərrux Məmmədovun nəşi hərbi orkestrin müşayiəti ilə son mənzilə yola salınıb. Daşkəsən rayonunun mərkəzi prospektində üçrəngli Vətən bayrağını dalğalandıran yüzlərlə sakin şəhidin ruhuna ehtiramlarını nümayiş etdiriblər. Qar uçqununa düşərək həlak olan hərbi qulluqçu Gəncədəki Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidin xatirəsinə yaylım atəşi açılıb.
Tabutuna bürünmüş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib. Qeyd edək ki, ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində ilk olaraq Hafiz Abdullayevin, bir müddət sonra isə Fərrux Məmmədovun nəşi tapılıb.
Natiq Hüseyn
- Baxış: 845