İstirahət mövsümi yaxınlaşır. Əksəriyyət bu fürsətdən yararlanıb, müxtəlif ölkələrə getmək, maraqlı yerləri öz gözləri ilə görmək istəyir. Həmçinin bizim ölkəmizə gəlmək istəyənlərin də sayı artır. Bu zaman onları maraqlandıran ilk məsələlərdən biri də harada qalacaqları olur. Bu dəfə az vəsait xərcləməklə istirahət etməyi planlaşdıranların qalmaq üçün ən çox üz tutduğu yer hostelləri araşdırmışıq. Görəsən, hazırda şəhərimizdə hostellərə təlabat necədir? Gəncədə normal şəraitə malik hostel tapmaq mümkündürmü? Elə bu məsələni aydınlaşdıracağıq...
Əksər ölkələrdə turistlər səyahət zamanı adətən kiçik mehmanxana tipli hostellərdə qalmağa üstünlük verirlər. Onlar otellərlə müqayisədə hostellərdə qiymətin münasib, münasibətin səmimi olduğunu hesab edir, bu yolla istirahətin daha əyləncəli keçdiyini düşünürlər. Bəs görəsən, bu fikir nə dərəcədə reallığa yaxındır?
Elvin Əliyev hostel sahibi:“Hostellə oteli müqayisə etsək görərik ki, hostelin ən böyük üstünlüyü münasib qiymətə olmasıdır. Turistlərin daha çox hostelə üz tutmağının səbəbi də elə qiymət amilidir. Bu amil şəhərə olan marağı, turist axınını da artırır. Çünki hər bir səyahətçi büdcəsinə maksimum qənaət etmək istəyir”.
Bu gün Gəncə şəhərində təxminən 10-yaxın hostel fəaliyyət göstərir. Qiymətlər isə müvafiq olaraq hostelin yerləşdiyi yerə, şəraitə və göstərilən xidmət səviyyəsinə görə dəyişir. Hazırda şəhərimizdə minimum 13, maskimum 25 manata hosteldə gecələmək olar. Hostel sahibi deyir ki, bizdə turistin vaxtını səmərəli keçirməsi, mədəni istirahət etməsi üçün hər bir şərait var. Biz səyahətçilərə eyni zamanda, digər turistik bölgələr barədə məlumat verir, harda qalacaqları ilə bağlı tövsiyyələr edirik.
Elvin Əliyev hostel sahibi:“Mənim fikrimcə, turistlər üçün faydalı olacaq ən yaxşı xidmət hostelimizdə məlumat, informasiya xidmətidir. Bizim hosteldə 1 günlük qiymət 13 azn-dir. Bizdə ortaq, mətbəx, həyət, qoanq otağı var. Barbekü-manqal xidməti var”.
Gəncədə hostellərə üz tutan turistlərin böyük əksəriyyətini gənclər və tələbələr təşkil edir. Daha dəqiq desək minimum qiymətlə maksimum xidmət axtarışında olanlar...
Elvin Əliyev hostel sahibi:““Hostelimiz artıq iki ildir ki, fəaliyyət göstərir. Artıq bura üz tutan turistlərin sayında artım müşahidə olunur. Müştərilər bizim hostel barədə məlumatı booking tipli bir çox rezervasiya saytlarından, həmçinin sosial şəbəkələrdən ala bilərlər. Bu vasitələrlə rezervasiya etdirib, hostelimizə buyurub gələ bilərlər”.
Ekspertlər bildirir ki, hostellərin sayının çox olması ölkəyə gələn turistlərin sayının artmasına da müsbət təsir göstərir. Bu isə həm də iqtisadiyyatın inkişafı deməkdir. Amma qiymətlərin aşağı olması heç də hostellərdə xidmət səviyyəsinin aşağı olması anlamına gəlməməlidir. Ümid edirik ki, bunu bu sahədə fəaliyyət göstərən iş adamları da unutmayacaqlar.
- Baxış: 520