Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan Şəmkir superturnirinə yekun vurulub. Son tur formal xarakter daşıyıb.
Çünki norveçli dünya çempionu Maqnus Karlsen 1 tur əvvəldən qələbəsini rəsmiləşdirib. Bağlanış turunda Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ağ fiqurlarla Sergey Karyakin, Teymur Rəcəbov isə qara fiqurlarla David Navara ilə heç-heçə edərək, turniri qələbəsiz başa vurub. Rəcəbov yarışı 6-cı, Şəhriyar 9-cu yerdə başa vurub. Hesabat turunun digər qarşılaşmalarda Vişvanatan Anand - Veselin Topalovla, Dinq Liren isə Aniş Qriylə xalları yarı bölüb. Karlsen isə son turda Aleksandr Qrişuku məğlub edib. Oyunlardan sonra turnirin bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edənlər superturnirin ənənə halını aldığını və 6-cı dəfə keçirilən yarışda FİDE reytinqində yüksək yerlərdə qərarlaşan qrossmeysterlərin iştirakının memorialın nüfuzundan xəbər verdiyini bildiriblər. Daha sonra 7 xalla turnirin qalibi olan Maqnus Karlsenə mükafatı təqdim olunub. Xatırladaq ki, Maqnus 4-cü dəfə Şəmkir yarışının qalibi adını qazanıb. O, daha öncə 2014, 2015 və 2018-ci illərdə bütün rəqibləri üçün əlçatmaz olub.
Bağlanış mərasimi konsert proqramı ilə başa çatıb. Bədii hissədə böyük marağa səbəb olan "Çayçı" rəqsinin rəqqas armudu stəkanda Azərbaycan çayını dadmaq üçün rusiyalı Sergey Karyakinə təqdim edib.
- Baxış: 663