• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1301
— 04.04.2019 19:29

Tovuzda meyvə bağlarına xəstəlik düşüb

KepezTV Player

Ağacı qurd içindən yeyir. Yox bu, hansısa mövzuya aid misal deyil. Elə gerçəkliyin özüdür. Tovuz bağlarında meyvə ağacları, yayılan xəstəlik səbəbindən məhv olur. Mütəxəssislər isə hələlik qabaqlayıcı tədbirlər görməyi mümkünsüz sayırlar.

Basdırdığımız ağaclarda  əvvəlcə belə bir palçığa oxşar şey əmələ gəlir. Növbəti ildə ağacı qurudur.

Meyvə ağaclarında müşahidə olunan ləkələr sonradan bütövlükdə gövdəni sıradan çıxarır. Tovuz rayonu Aşağı Quşçu kənd sakini Cəmil Məhərrəmov təsərrüfatında bu cür halla qarşılaşıb. Bağ sahibi deyir ki, 2 hektar ərazidə bir neçə il əvvəl müxtəlif meyvə ağacları basdırıb. İllərdir çəkdiyi zəhmətin bəhrəsini görəcəyini düşünsə də, indi çətin vəziyyətdə qalıb. Ağaclara düşən qurd xəstəliyi təsərrüfatçıları çarəsiz duruma salıb.

Asif Məhərrəmov bağ sahibi: Görürsən ki, normal ağac 2-3 gündən sonra rəng baxımından formasını dəyişir. Sonra qurumağa doğru proses gedir. Kök hissəsindən uc hissənidək quruma gedir.

Bağ sahiblərinin sözlərinə görə, belə halla ötən il də qarşılaşıblar. Ancaq keçən il yalnız bir neçə ağacda müşahidə olunan xəstəliyini qarşısını almaq mümkün olub. Bu mövsüm isə daha geniş vüsət alan qurd xəstəliyi qısa zamanda bütün bağı bürüyüb.

Cəmil Məhərrəmov - bağ sahibi: 6-7 ildir bu bağı salmışıq. Şikayətimiz yox idi. Ötən il bir-iki dənə dedilər çöküntü ağ qurd var. Baxdıq düz deyirlər var idi. Bu ildə öhdəsindən  gələ bilmədik. Çox artıbdır.

İndi bağ sahibləri xəstəliyin qarşısını almaq üçün çıxış yolu axtarırlar. Ağaclarda yayılan qurdlar isə zaman gözləmir və ziyan verməkdə davam edir. Artıq bir bağda 40-a yaxın  ağac məhv olub.

Demək olar ki kütləvi hal alıb. Buna nə qədər vəsait xərcləmişik. Əziyyətdən eybi yox heç olmasa dərdini bilsək yaxşı olar.

Tovuz Rayon Bitki Mühafizə Mərkəzindən də bağlarda qurd xəstəliyinin yayılması faktını təsdiqləyiblər. Mərkəzin rəisi Lalə Şamilova xəstəliyin geniş vüsət almasında bağ sahiblərini qınayıb. Onun sözlərinə görə, təsərrüfatçılar aqrotexniki qaydaları mövsümə uyğun yerinə yetirməyiblər.

Lalə Şamilova Tovuz Rayon Bitki Mühafizə Mərkəzinin rəisi:   Bütün meyvə bağlarında qış müalicəsi aparılmalıdır. Gördüyünüz o bağdada qış müalicəsi aparılmayıb. Qabıq altı zərərvericilərə qarşı qış mülicəsi vaxtında aparılarsa bu kimi xəstəliklə rastlaşmazlar.

Bitki Mühafizə Mərkəzinin rəisi ağaclarda çiçəklənmə fazası başa çatdıqdan sonra bağlarda zərərvericilərə qarşı mübarizə tədbirlərinə başlayacaqlarını da deyib. Bu müddət ərzində bağ sahiblərinə nə qədər ziyan dəyəcəyi isə hələlik məlum deyil.

Natiq Hüseyn