• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1117
— 01.04.2019 15:58

Cüdoçuların Göygöl toplanışı başa çatıb

KepezTV Player

Tatami ustaları iki həftə müddətində yerli Olimpiya İdman Kompleksində hazırlıq keçiblər.

Təlim-məşq toplanışında böyüklərdən və gənclərdən ibarət Azərbaycan yığması, eyni zamanda ölkəmizin paralimpiya millisi birgə hazırlaşıb. Məşq prosesinə 70-dən çox idmançı qatılıb. Kimano ustaları gündə iki dəfə məşq ediblər. Plana əsasən, toplanış yığma üzvləri üçün baza xarakterli olub. Cüdoçuların ümumi fiziki hazırlığının artırılması üzərinə qurulan məşqlər dövründə taktiki və texniki çalışmalara da fikir verilib.

Toplanış yayda Minskdə keçiriləcək Avropa Oyunlarına hazırlıq xarakteri daşıyıb. Bu oyunlar çərçivəsində keçiriləcək qitə çempionatı tatami ustaları üçün xüsusi əhəmiyyətlidir.

Ruslan Maşurenko Azərbaycan yığma komandasının baş məşqçisi: “Azərbaycan yığma komandasının bu oyunlara optimal formada qatılması üçün biz maksimum şəkildə səy göstəririk. Onu da demək istəyirəm ki, bu turnir yüksək reytinqli yarış olmaqla yanaşı, digər tərəfdən də vacib əhəmiyyət daşıyır. Belə ki, yarış Olimpiya Oyunlarına seçim xarakterlidir və Olimpiadaya reytinq xalları verəcək. Düşünün ki, medal qazanan idmançı 50 faiz lisenziya qazanıb oyunlara vəsiqə əldə edəcək. Ona görə də çalışırıq ki, uşaqlar yaxşı hazırlaşıb medalsız qalmasınlar”.

Avropa Oyunlarına kimi yığmamız Antalyada Qran-Pridə və Bakıda keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edəcək. 

Göygöldən öncə Beynəlxalq təlim-toplanışları çərçivəsində Çexiyada hazırlaşan cüdoçuların növbəti məşq məkanı Yaponiya olacaq. Millimiz bir ay müddətində gündoğar ölkədə hazırlıq keçirəcək. 

Artıq bir neçə ildir ki, Azərbaycan cüdoçularının uğura gedən yolu Göygöldən keçir. Çox güman ki, bu dəfəki təlim-məşq toplanışının bəhrəsini də tatami ustaları qarşıdakı yarışlarda görəcəklər.

Orxan Cəfərzadə