• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2105
— 20.03.2019 12:28

Rayonlarda bayram coşqusu yaşanır

KepezTV Player

Kəlbəcərdən olan məcburi köçkünlər bayram tədbirini Gəncədəki qəsəbənin “Novruz meydanın”da keçiriblər. Atlıllar qəsəbə sakinlərini bayram şənliyinə dəvət etdikdən sonra tonqal yandırılıb, meydan gəzintisi olub. Saç üstə salınan yuxanın, nehrədə çalxalanan yağın dadına baxılıb, rayonun aşıqlarının el havaları, idmançıların nümunəvi çıxışları izlənilib. Qədim xalq oyunları, xoruz döyüşdürməsi, əl işləri, rəsm əsərləri, musiqi kollektivlərinin ifası alqışlarla qarşılanıb. Kosa və keçəlin məzəli çıxışları isə gülüş doğurub. Novruzun milli mənəvi dəyərləri özündə əks etdirən qədim el bayramı olduğu, sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısına çevrildiyinə diqqət çəkilib. Bayram şənliyi geniş konsert proqramı ilə yekunlaşıb.

Sənan Hüseynov - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri: “Novruz bayramı bizim xalqımızın ən dəyərli bayramıdır. Bu bayram birlik, bərabərlik sevinv bayramıdır. Bu bayram inşallah yenidən Kəlbəcərdə də həyata keçiriləcəkdir. Bizim məcburi köçkünlərdə inanır ki, sabah torpaqlarımız işğaldan azad olanda hər birində Cocuq Mərcanlıda yaradılan şərait yaradılacaqdır. Ona görədə hamı sevinir, hamı o günü gözələyir, hamı cənab prezidentimizə inanır”.

Şəmkir sakinləri də Novruzun gəlişini təm-təraqla qarşılayıb. Uzun müddət tətbiq edilən qadağalara baxmayaraq qorunan, insanları sülhə, dostluğa, birgəyaşamağa səsləyən Novruz bayramının əhəmiyyətindən danışılıb. Meydanda yazın gəlişini bildirən atributlar, novruz xonçaları, milli adət-ənənələr nümayiş olunub. Tədbirdə idmançıların, kəndirbazların nümunəvi çıxışları, keçəl və kosanın məzəli əhvalatları tamaşaçılara xoş anlar yaşadıb. Bayram yerli incəsənət ustalarının ifası ilə davam edib. Rayonda fəaliyyət göstərən uşaq bağçalarının körpələri və məktəblilər N saylı hərbi hissənin əsgərlərini bayram xonçaları ilə sveindiriblər. Novruz bayramının personajları olan Kosa, Keçəl və Bahar qızının iştirakı ilə şeir, mahnı və rəqslər bayramı daha da maraqlı edib. Rayon sakinləri əsgələrlə birlikdə tonqal ətrafında rəqs edib şənləniblər.

Göygöl rayonunda Novruz şənliyi təntənəli şəkildə qeyd olunub. Səhər saatlarında başlayaraq Bahar qızı faytonla küçələri gəzərək sakinləri el şənliyinə dəvət edib. Bayram tədbirində çıxış edənlər Novruzun özündə xalqımızın milli-mənəvi dəyərlərini, adət-ənənəsini qoruyub, saxladığını bildiriblər. Milli musiqilərin sədaları altında bayram tonqalı çatılıb. Tədbirdə milli mətbəximizin nümunələri, məişətimiz, adət-ənənəmiz, rəsm əsərləri, idmançıların nümunəvi çıxışları bayram əhval ruhiyyəsini daha da artırıb. Rayon aşıqlarının, bədii özfəaliyyət kollektivlərinin təqdim etdiyi rəngarəng mahnılar, həmrəyliyi özündə əks etdirən yallı rəqsi alqışlarla qarşılanıb.

Novruz bayramı münasibəti ilə Samux rayonunda el şənlik təşkil olunub. Heydər Əliyev park kompleksində məktəblilərin və yerli sənətkarların əl işlərindən, tarixi eksponatlardan ibarət sərgi, idmançıların nümunəvi çıxışları izlənilib. Qız-gəlinlər fəsəli yayıb, yuxa, kətə bişiriblər. Xalqımızın qədim məişətini, əxlaqını, inancını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərinin bu günədək yaşadıldığı təqdim edilib. Şənlik tonqal yandırılandan sonra özfəaliyyət kollektivlərinin geniş konsert proqramı ilə davam edib. Kosa və keçəlin şən zarafatları isə sakinlərin bayram əhvalına əlavə çalarlar qatıb.

Novruzun gəlişi Qazaxda da bayram edilib. Tonqal çatılıb, bayram süfrəsi açılıb, kosa və keçəlin şən zarafatları, məzəli səhnəcikləri yaddaqalan anlar yaşadıb. İdmançılar cəngi sədaları altında məharətlərini göstəriblər. Rəqs kollektivləri rəngarəng çıxışlar ediblər. Bayram münasibətilə təbriklər çatdırılıb, milli adət və ənənələrimizin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətinə toxunulub. Azərbacanın qərb qapısı sayılan rayonda həyata keçiriləcək prespektiv planlardan danışılıb. Tədbir respublikanın tanınmış musiqi qruplarının çıxışları ilə davam edib.