• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 793
— 18.03.2019 15:57

Gəncə kikboksinqçiləri Rusiyada medallar qazanıblar

KepezTV Player

Rusiya Kikboksinq Federasiyasının və Moskva əyalətinin İstra şəhərinin Azərbaycan icmasının dəstəyi ilə “Vətəni Müdafiə” gününə həsr olunmuş açıq turnir keçirilib. Yarışa Gəncə idmançıları da qatılıb.

Şimal ölkəsində ölkəmizi məşqçi Talıb Bayramovun rəhbərlik etdiyi Gəncə Olimpiya İdman Klubunun komandası təmsil edib. Nizami yurdunun döyüşçüləri Rusiya və  Belarusdan olan idmançılarla vuruşublar. Ümumilikdə yarışa müxtəlif yaş qruplarından olan 250-dən çox kikboksinqçi qatılıb. Nəticələrə əsasən, Gəncə idmançıları ənənəvi turnirin 7 medalını qazanıblar.

Olimpiya klubunun yetirmələrindən Taleh Bayramov, Kənan İsmayılov, Fərid Bəylərov, Vasif və Nicat Məmmədov bütün rəqiblərinə qalib gələrək yarışın baş mükafatına sahib olublar. Yalnız final döyüşlərini uduzan Əli İbrahimovla Eşqin Əmirov ikinciliklə kifayətlənib. 

Turnirin yekunlarına görə 40 komanda arasında medal sıralamasında Gəncə Olimpiya İdman Klubu II-ci yerə layiq görülüb.

Gəncə Olimpiya İdman Klubunun tərkibində kikboksinq bölməsi 4 il öncə yaranıb. Klubun yetirmələri bu illər ərzində dəfələrlə beynəlxalq və yerli yarışlarda iştirak ediblər.

Azad Rəfi