• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 905
— 15.03.2019 15:43

Aqrar sığortanın tətbiqində problemlər və imkanlar müzakirə edilib

KepezTV Player

Ölkədə sığorta sahəsində yeni qanun qəbul olunacaq. Aqrar sığorta haqqında qanun bu sahədə mövcud problemlərin həllinə istiqamətlənib. Bununla bağlı Azərbaycan Dövlət Aqrar Universitetində “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda təşkil edilən Respublika elmi praktiki konfaransında geniş müzakirələr aparılıb.

Aqrar sahənin riskli, təbii amillərlə bağlı olduğunu və qeyri-neft sektorunda önəmli yer tutduğunu nəzərə alsaq aqrar sektorda sığortanın vacibliyi aydın olar.

Məhərrəm Hüseynov - iqtisad elmləri doktoru: “Dünya ölkələrində yığılan sığorta haqqı ÜDM-in 5-6% olduğu halda bizdə bu göstərici hələ 1%-ə gəlib çatmayıb. Kənd təsərrüftını götürsək isə ümumiyyətlə milli iqtisaidyyatın digər sahələrinə nisbətən çox geri qalır. Çünki yığılan sığorta haqqının təkibində cəmi 0.4% kənd təsərrüfatından yığılan sığorta haqqı təşkil edir. Amma kənd təsərrüfatının ÜDM-də payı 5-6%-dən çoxdur”.

Mütəxəssislər bildirirlər ki, hazırda bu sahə inkişaf mərhələsindədir. Ölkədə sığorta qanunvericiliyi bazasının təkmilləşdirilməsinə, fermerlərin maarifləndirilməsi, sığorta şirkətlərinin bu işdə marağının artırılmasına ehtiyac var.

Anar Sadıqov - sığorta şirkətinin rəhbəri: “Sığorta bazarının inkişafı sırf o məhsulları, sığorta xidmətlərini təklif edən mütəxəssisin peşəkarlığından onun bilik və bacarıqlarından asılıdır. Sığorta mədəniyyətinin inkişafının yolu məhz bu yoldan keçir”.

“Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi”ndə “Aqrar sığortanın inkişaf etdirlməsi prioritetinin icrası ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası Kənd Təsərrüfatı, Maliyyə və İqtisadiyyat Nazirlikləri birgə işçi qrupu yaradıblar. İşçi qrup müxtəlif ölkələrin sığorta sahəsində təcrübələrini öyrənib, ölkənin mövcud imkanlarını araşdırıb. Xüsuilə fiaskoya uğrayan kənd təsərrüfatı sığorta sistemlərinin mexanizmləri öyrənilib.

Firdovsi Ağaşirinov - Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta Fəaliyyətinə Nəzarət Departamentinin əməkdaşı: “Azərbaycan üçün məqbul hesab edilən model seçilib işçi qrupu tərəfindən həmin model Türkiyə Cumhiriyyətinin TARSİM modeli olmuşdur. Bu modeldən irəli gələrək Aqrar sığorta haqqında qanun layihəsi hazırlanıb. Aidiyyəti qurumlarla razılaşdırılmaqla aidiyyəti üzrə təhvil olunub. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə öz işlərini davam etdirir”.

Artıq 3 ilə yaxındır Azərbaycan Türkiyə ilə TARSİM sisteminin qurulması üzərində birgə iş aparır.

Yusuf Cemil Satoğlu - TARSİM Şirkətinin baş direktoru TEXT:“Əvvəllər olduqca az miqdarda istehsal vardı. Hazırda Türkiyədəki sistem sığorta haqqı baxımından Avropada 3-cü, dünyada isə 9-cu böyük sistemdir. Burada önəmli ünsür dövlət dəstəyinin olmasıdır. Dövlət ürəticilər adına sığorta haqqının 50%-ni ödəyir. Geri qalanını isə istehsalçılar ödəyərək özlərini təbii hadisələrə qarşı qorumuş olurlar”.

Aqrar sığorta haqqında yeni qanun layihəsi Milli Məclisə göndərilib. Sənədin tətbiqi nəinki sığorta sahəsində həmçinin təsərrüfatların rentabelliyini artıracağı gözlənilir.

Namiq Məmmədov - Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini: “Aqrar sığortanın tətbiqi ümumiyyətlə kənd təsərrüfatının inkişafı ilə yanaşı kənd təsərrüfatı sekorunda kredit bazarının da inkişaf etməsinə böyük təkan verə bilər. Belə ki, bu gün hazırda həm Aqrar kredit və inkişaf Agentliyi tərəfindən həm də bir sıra digər dövlət qurumları tərəfindən fermer təsərrüfatlarına müxtəlif güzəştli kreditlər verir. Kreditlərin verilməsinin həcminin artmasına baxmayaraq problemli kreditlərin də sayı kifayət qədər yüksəkdir. Bir sıra fermerlərin ödəmə ilə bağlı problemlərinin yaranması məhz təbiət hadisələri ilə də əlaqələndirilir”.

Nəriman Ələkbərov - fermer: “Fermer əlində olan vəsaiti hər hansı bir məhsulun yetişdirilməsinə xərcləyir. Heç kim təbiət hadisəsindın sığortalanmayıb. Bir bədbəxt hadisə baş verir. Məhsul əldən gedir. Bu pis vəziyyətdə qalır. Növbəti il üçün hər hansı bitkinin əkilməsi, toxum alınması üçün vəsaiti olmur. Gözləntilərimiz çoxdur ki, bu sahədə yenliklər olacaq. O da bizə böyük güc verir ki, daha həvəslə çalışaq”.

Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilən “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” adlı konfrans çərçivəsində səslənən bu fikirlərlə yanaşı aqrar sektorda önəmli məsələlərlə bağlı müxtəlif məruzələr dinlənilib.