Bu günə xəbərlərin oxunma sayı: 703
— 12.03.2019 20:43

Avtomobilləri ağlagəlməz üsulla yardılar

KepezTV Player

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar - 27 yaşlı Elmar Rzayev və qardaşı, 26 yaşlı Vəli Rzayev ifşa olunaraq, istintaqa təhvil verilib.Şübhəli şəxslər ətrafında aparılan əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən olunub ki, onlar xarici ölkələrin birində xüsusi hazırlanmış elektron informasiya cihazı əldə edib müxtəlif markalı avtomobillərin təhlükəsizlik sistemini sındırmaqla, avtomobilə zərər vermədən ictimai təhlükəli əməlləri törətməklə, ayrı-ayırı vətəndaşlara külli miqdarda ziyan vurublar. Qardaşlar qəbuledici siqnalları gücləndirən və onları təkrar ötürən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki cihazın imkanlarından geniş istifadə ediblər.

Yüksək təhlükəsizlik standartlarına malik avtomobillərin və bank kartlarının informasiya alqoritmlərini öyrənən bu cihaz həqiqi açar-kodun siqnalını köçürməyə imkan verir. Bununla da cihaz avtomatik olaraq açarın, plastik bank kartının şifrəli dublikatını yaradır.

Şübhəli şəxslərdən “Retranslyator” adlandırılan qəbuledici-ötürücü radiotexniki vasitə aşkar olunaraq götürülüb.Bakı şəhər Baş Polis İdarəsi tövsiyə edir ki, sürücülər avtomobillərin gözlə görünən yerlərində əşyalar saxlamasın, nəqliyyat vasitələrini əsasən işıqlandırılmış küçələrdə, “Təhlükəsiz şəhər” kamerasının əhatə dairəsində yaxın yerlərdə saxlamağa üstünlük versinlər. Maşınların qapılarını açıb bağlayarkən, bank kartı vasitəsilə terminallarda pul-valyuta əməliyyatı həyata keçirərkən diqqətli olsunlar. Qeyri-müəyyən, naməlum şəraitdə avtomobillərin və bank kartlarının talanması halları ilə bağlı faktlar varsa, polisə məlumat verilsin.Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat, istintaq tədbirləri – xüsusatların araşdırılması davam etdirilir.